SİYASƏT
Sədaqət Vəliyeva: Ermənistan mülki insanları öldürməklə bir daha terrorçu mahiyyətini isbatlayır
Bakı, 5 iyul, AZƏRTAC
Ermənistanın kriminal rəhbərliyi hər zaman danışıqlar prosesini pozmaq üçün təxribatlara əl atıb. Daim çalışıb ki, müxtəlif vasitələrdən istifadə edərək vəziyyəti gərginləşdirsin. 2016-cı ilin aprel ayında da Ermənistan eyni addımı atdı və layiqli cavabını aldı. Bu dəfə Füzuli rayonunun Alxanlı kəndində mülki vətəndaşların öldürülməsi də Ermənistanın qanlı əməllərinin nəticəsidir. Məhz, Ermənistan silahlı qüvvələrinin bu təxribatı nəticəsində nənə və nəvənin öldürülməsi, digər sakinin yaralanması və mülki obyektlərə ziyan vurulması vandalizm aktı olaraq Ermənistan dövlətinin terrorçu mahiyyətini bir daha isbatlayır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Deputat bildirib ki, Ermənistanın Azərbaycanın mülki əhalisinə və mülki obyektlərinə birbaşa və qəsdən hücumları, beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cu il Cenevrə Konvensiyası və ona 1 saylı Əlavə, həmçinin uşaqların hüquqlarına və insan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanın ciddi şəkildə pozulmasıdır.
“Bundan sonra baş verəcək hadisələrə görə məsuliyyət əlbəttə ki, Ermənistanın üzərinə düşür”, – deyən S.Vəliyeva əlavə edib ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin, beynəlxalq təşkilatların nümayəndələrinin, ayrı-ayrı ölkələrin rəsmilərinin sülh çağırışları etdiyi, mövcud status-kvonun dəyişdirilməsinin tələb olunduğu bir zamanda işğalçı Ermənistanın bu cür təxribatlar törətməsi açıq-aşkar göstərir ki, bu ölkənin qana susamış rəhbərliyi sülh istəmir. Ona görə də, dünya birliyi artıq Ermənistanın qanlı əməllərinə sərhəd çəkməlidir. Bu ölkənin işğalçılıq siyasətinə son qoyması üçün ona qarşı sanksiyalar qəbul olunmalı və sülhə məcbur edilməlidir.