SİYASƏT
Sədaqət Vəliyeva: Sınaqlardan qətiyyətlə çıxmış xalq-iqtidar birliyini sarsıtmaq mümkün deyildir
Bakı, 12 iyul, AZƏRTAC
Anti-Azərbaycan qüvvələrinin ölkəmizdə ictimai-siyasi sabitliyi pozmaq, insanlar arasında çaxnaşma yaratmaq, siyasi hakimiyyətə təzyiqlər etmək kimi cəhdləri iflasa məhkumdur. Çünki Azərbaycanda ictimai-siyasi sabitliyin, əmin-amanlığın, dinamik inkişafın qarantı xalq-iqtidar birliyidir, vətəndaşlarımızın Prezident İlham Əliyevə olan sevgisi, dəstəyidir. Biz bunu Gəncə hadisələri zamanı bir daha gördük.
Bu fikirləri AZƏRTAC-a Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Deputat bildirib ki, Gəncədəki təxribat xarakterli hadisələrin nəticəsində həm radikal müxalifət, həm radikal dindarlar, həm də onların havadarları bir daha Azərbaycan xalqının iqtidarına olan etimadını, dəstəyini, eyni zamanda, ölkənin ictimai sabitliyini, insanların təhlükəsizliyini təmin edən polisimizin şücaətini, qətiyyətini gördü. Azərbaycanda xaos yaratmağa cəhd edənlər birdəfəlik anlamalıdırlar ki, çox çətin sınaqlardan qətiyyətlə çıxmış xalq-iqtidar birliyini sarsıtmaq mümkün deyildir. Çünki Azərbaycan xalqı xaosu, özbaşınalığı, dağıdıcılığı hələ 1992-ci ildə AXC-Müsavat hakimiyyəti dövründə görüb. Elə Gəncə əhalisi də 1993-cü ildə anti-milli ünsürlərin fəaliyyəti nəticəsində küçə döyüşlərinin, silahlı hücumların, vətəndaş müharibəsinin şahid olublar. Lakin xüsusi qeyd edilməlidir ki, Azərbaycan xalqı heç vaxt anti-Azərbaycan qüvvələrinin təxribatlarına uymayıb, iqtidarla birliyini nümayiş etdirib, ictimai-siyasi sabitliyi qoruyub.
“Gəncədə də təxribat törətməyə çalışan bir qrup anti-milli ünsürə insanların dəstək verməməsi, onları etdikləri hərəkətlərə görə qınaması sübut etdi ki, gəncəlilər Heydər Əliyev siyasətinə sadiqdirlər, Prezident İlham Əliyevin ətrafında sıx birləşiblər”, – deyə Sədaqət Vəliyeva əlavə edib ki, Gəncə daim vətənpərvər insanların yurdu olub. Tarixdən də görürük ki, düşmənlərimizin ən çox məğlub olduğu yer məhz Gəncə olub. Bu səbəbdən də, düşünürəm ki, daim dövlətlə və dövlətçiliklə birgə olan Gəncə sakinləri bu proseslərdən də qətiyyətlə çıxacaq, sabitliyi pozmağa çalışan qüvvələrə “Yox!” deyəcək və bununla da anti-Azərbaycan qüvvələrinin cəhdləri nəticəsiz qalacaq.