“Sədərək” Ticarət Mərkəzində fəhlənin təmir-tikinti işləri zamanı ölməsi ilə bağlı cinayət işi başlanıb
AzerTAg.az
Bakı, 22 fevral, AZƏRTAC
Fevralın 20-də saat 14 radələrində Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” Ticarət Mərkəzində fəhlənin təmir-tikinti işləri apararkən aldığı xəsarətlər nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat verilib.
Qaradağ Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, aparılmış ilkin araşdırmalarla 1964-cü il təvəllüdlü Qayim Burcəliyevin ticarət mərkəzində ikimərtəbəli mağazanın ikinci mərtəbəsində qaynaq işləri aparan zaman üzərində dayandığı dəmir pilləkənin aşması nəticəsində aldığı xəsarətlərdən hadisə yerində öldüyü müəyyənləşdirilib.
Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, məhkəmə-tibb və məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunub və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Xəbərin mətnində orfoqrafik səhv var