REGİONLAR
Sədərək rayon məktəbləri uğurlu nəticələr qazanıblar
Naxçıvan, 26 noyabr, AZƏRTAC
2021-2022-ci tədris ilində buraxılış, ali və orta ixtisas təhsili müəssisələrinə qəbulun nəticələrinə görə Sədərək Rayon Təhsil Şöbəsinin tabeliyində olan təhsil müəssisələrinin bir sıra məzunları tələbə adını qazanıblar. Uğurlu nəticə göstərən məktəblər mükafatlandırılıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə çıxış edən Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Mahirə Adnayeva muxtar respublikada digər sahələrdə olduğu kimi, təhsilə də xüsusi diqqət və qayğı göstərildiyini vurğulayıb. Bildirib ki, bu sahədə görülən işlər öz nəticəsini hər il keçirilən müxtəlif olimpiada, buraxılış və qəbul imtahanlarında göstərir. Bu günün təhsil sistemi və onun keyfiyyəti ölkənin gələcəyinə xidmət edir.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov təhsilə göstərilən dövlət qayğısının Sədərəkdə də bu sahənin inkişafına yol açdığını bildirib. Qeyd edib ki, Sədərək Rayon Təhsil Şöbəsinin tabeliyində 5 tam orta, 3 məktəbdənkənar və 2 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Hazırda ümumtəhsil məktəblərində 121 sinifdə 1844 şagird təhsil alır ki, onların da təlim-tərbiyəsi ilə 166 müəllim məşğul olur. Təhsilə göstərilən dövlət qayğısının nəticəsidir ki, rayonda fəaliyyət göstərən ümumtəhsil müəssisələrində müasir tədris şəraiti yaradılıb. Müəllimlərin işə qəbulu üzrə keçirilən müsabiqələrdə son 4 ildə Sədərək rayonunun ümumtəhsil məktəblərinə təyin olunan gənc kadrlardan 36-sı müəllim kimi fəaliyyətə başlayıb, 6-sı isə müxtəlif vəzifələrə təyin olunub.
Diqqətə çatdırılıb ki, 2021-2022-ci tədris ili üzrə də Sədərək rayon ümumtəhsil məktəblərinin məzunlarının 79 faizi ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak edib. Onlardan 52-si, yaxud 78 faizi ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olub, 5-i 500-700 arası nəticə göstərib. Bir məzun fərqlənmə attestatına layiq görülüb, 8 şagird isə 2021-2022-ci tədris ilində keçirilən olimpiada və müsabiqələrin qalibi olub.
Təhsil naziri qazandıqları uğurlu nəticəyə görə Sədərək Rayon Təhsil Şöbəsinin tabeliyində olan ümumtəhsil məktəblərinin pedaqoji kollektivlərinə təşəkkürünü bildirib.
Sədərək Rayon Təhsil Şöbəsinin müdiri Sirac Qarayev çıxış edərək, təhsil müəssisələrində yaradılan şəraitin təhsilin yüksəlməsinə və uğurlu nəticələrin qazanılmasına müsbət təsir etdiyini vurğulayıb.
Sonda ötən tədris ilində keçirilən qəbul imtahanlarında əldə etdikləri uğurlu nəticələrə görə Sədərək rayon Heydərabad qəsəbə, Sədərək kənd 1 nömrəli, Qaraağac və Dəmirçi kənd tam orta məktəblərinə diplomlar təqdim olunub.