REGİONLAR


Sədərək rayonunda bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti, qarşıda duran vəzifələr müzakirə edilib

Sədərək, 8 fevral, AZƏRTAC

Muxtar respublikada fəaliyyət göstərən 12 federasiyanın yeddisinin Sədərək rayonunda bölmələri yaradılıb. Bölgədə idmanla məşğul olanların sayı 2200 nəfərdir ki, onların 231-ni qızlar təşkil edir. Ötən il sağlamlıq imkanları məhdud olan 15 uşaq və gənc də idmana cəlb edilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu faktlar Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr haqqında” keçirilən müşavirədə verilən tapşırıqların icrası ilə əlaqədar Sədərək Rayon İcra Hakimiyyətində təşkil olunan yığıncaqda səsləndirilib.

Rayon icra hakimiyyətinin başçısı Həbib İbrahimov tədbirdə çıxış edərək bildirib ki, Ümummilli Liderin əsasını qoyduğu gənclər və idman siyasəti uğurla davam etdirilir. Ölkəmizdə olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da bədən tərbiyəsi və idmanın inkişafına hərtərəfli diqqət və qayğı göstərilir. Naxçıvanda idmanın maddi-texniki bazasının gücləndirilməsi, yaradılan müasir şərait, öz növbəsində, muxtar respublikanı beynəlxalq və yüksək səviyyəli yarışların keçirildiyi bir məkana çevirib.

Qeyd olunub ki, Ali Məclis Sədrinin diqqət və qayğısı sayəsində muxtar respublikanın bütün bölgələrində olduğu kimi, Sədərək rayonunda da müasir idman məktəbləri və qurğuları istifadəyə verilib. Hazırda rayonda uşaq-gənclər şahmat və idman məktəbləri, mərkəzi stadion, süni örtüklü mini futbol meydançası, məktəblərdə müasir idman zalları və açıq idman qurğuları mövcuddur.

Rayonda 2018-ci ildə idman sahəsində əldə olunan uğurlardan bəhs edən Həbib İbrahimov bildirib ki, boks üzrə keçirilən muxtar respublika birinciliklərində rayonu təmsil edən komandanın üzvü Nofəl Əlizadə Naxçıvan şəhər açıq çempionatının qalibi adına layiq görülüb. Karate-do üzrə keçirilən muxtar respublika açıq birinciliyində iştirak edən Fuad Məmmədov birinci yerin qalibi olub, Canər Abbaszadə isə üçüncü yer ilə kifayətlənib. Bundan əlavə, respublika spartakiadasında 400 metr məsafəyə qaçışda Nərmin Əliyeva birinci, Selcan Hüseynova isə üçüncü yerin qalibi adını qazanıblar. İntellektual oyunlar üzrə muxtar respublika birinciliyində Nurşən Məmişova uğurlu nəticə əldə edərək birinci yerin sahibi olub.

Müşavirədə qarşıya qoyulmuş vəzifələrdən danışan icra hakimiyyətinin başçısı diqqətə çatdırıb ki, rayonda müasir idman infrastrukturunun, hərtərəfli şəraitin yaradılmasına baxmayaraq, hələ də mövcud imkanlardan lazımınca istifadə olunmur. Qarşıya qoyulmuş vəzifələrin icrası üçün rayon Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi, federasiyaların rayon bölmələri öz fəaliyyətlərini gücləndirməlidirlər. Aidiyyəti qurumlar tərəfindən rayonda idmanın müxtəlif növlərinin inkişaf etdirilməsi, gənclərin idmana cəlbi, idman yarışlarının kütləviliyinin artırılması işi diqqətdə saxlanılmalı, müxtəlif növlər üzrə rayon birinciliklərinin keçirilməsi davam etdirilməli, muxtar respublika, ölkə və beynəlxalq səviyyəli yarışlarda rayon idmançılarının iştirakı təmin olunmalıdır. Gənclər və İdman İdarəsi rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi ilə birgə tədbirlər keçirməli, sağlamlıq imkanları məhdud idmançılar rayonun və muxtar respublikanın idman həyatına daha fəal inteqrasiya edilməlidirlər. Ümumtəhsil məktəblərində fiziki tərbiyə dərslərinin tədrisinə nəzarət artırılmalı, uşaq-gənclər şahmat və idman məktəblərinin fəaliyyəti gücləndirilməli, müvafiq federasiya bölmələri ilə birlikdə idman yarışları və müxtəlif idman oyunları təşkil olunmalıdır.

Tədbirdə çıxış edən rayon Gənclər və İdman İdarəsinin rəisi Polad Rzazadə, uşaq-gənclər idman məktəbinin direktoru Nizami Bağırov bədən tərbiyəsi və idmanın inkişafına göstərilən diqqət və qayğıya görə muxtar respublika rəhbərinə minnətdarlıqlarını bildiriblər.

Sonda ötən il yarışlarda fərqlənən idmançılar mükafatlandırılıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.