REGİONLAR
Sədərək rayonunda keçirilən əmək yarmarkasına 93 iş yeri çıxarılıb
Sədərək, 27 iyul, AZƏRTAC
Əhalinin məşğulluğunun təmin olunmasında muxtar respublikada keçirilən əmək yarmarkaları mühüm rol oynayır. Bu tədbirlərin davamı kimi Sədərək rayonunda növbəti əmək yarmarkası keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən rayon Məşğulluq Mərkəzinin direktoru Həsən Nəsirov Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il yanvarın 11-də imzaladığı Sərəncam ilə təsdiq edilən “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın əhəmiyyətindən danışıb.
Bildirilib ki, proqram muxtar respublikada sahibkarlığın, xüsusən kiçik sahibkarlığın inkişaf etdirilməsinə, yeni ehtiyatlar hesabına iş yerlərinin açılmasına, regiondakı əmək ehtiyatlarının iqtisadi fəallığının yüksəldilməsinə öz töhfəsini verir. Əhalinin məşğulluğunun artırılması istiqamətində həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsi məqsədilə hazırlanan yeni proqram əmək ehtiyatlarının əmək bazarına uyğunlaşdırılması və işaxtaranların sosial müdafiəsi üçün yeni imkanlar yaradır.
Sədərək Rayon İcra Hakimiyyəti başçısının müavini Yusif Seyidov qeyd edib ki, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi məşğulluq strategiyası bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Muxtar respublikada da əmək bazarının təkmilləşdirilməsi, iqtisadi fəallığın yüksəldilməsi üçün əlverişli şəraitin yaradılması sahəsində mühüm işlər görülür. Bu istiqamətdə həyata keçirilən tədbirlərin nəticəsidir ki, sərhəd bölgəsi olan Sədərək rayonunda da əhalinin məşğulluğu prioritet vəzifəyə çevrilib, ötən dövrdə bu sahədə uğurlu nəticələr əldə olunub.
Sonra tədbir iştirakçıları idarə, müəssisə və təşkilatlar tərəfindən əmək yarmarkasına çıxarılan boş iş yerləri ilə tanış olublar. Yeddi təşkilatdan 93 boş iş yerinin çıxarıldığı yarmarkada 6 nəfərə işə göndəriş verilib.