REGİONLAR
Sədərək rayonunda keçirilən əmək yarmarkasında 10 nəfərə işə göndəriş verilib
Sədərək, 10 oktyabr, AZƏRTAC
Sədərək rayonunda növbəti əmək yarmarkası keçirilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, yarmarkada işaxtaranlara 98 vakant iş yeri təqdim olunub.
Əmək yarmarkasının açılışında çıxış edən rayon Məşğulluq Mərkəzinin əməkdaşı Ceyhun Qurbanov qeyd edib ki, “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası istiqamətində həyata keçirilən tədbirlər muxtar respublikada yeni iş yerlərinin açılmasına, əmək ehtiyatlarının iqtisadi fəallığının yüksəldilməsinə öz töhfəsini verir. Dövlət proqramından irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün mərkəzin əməkdaşları rayondakı idarə, müəssisə və təşkilatlarda, sahibkarlıq subyektlərində vakant iş yerləri haqqında məlumatlar toplayaraq onları əmək yarmarkalarında işaxtaran vətəndaşlara təqdim edirlər.
Sədərək Rayon İcra Hakimiyyəti başçısının müavini Yusif Seyidov vurğulayıb ki, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi məşğulluq strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Muxtar respublikamızda da əmək bazarının təkmilləşdirilməsi, iqtisadi fəallığın yüksəldilməsi istiqamətində mühüm işlər görülür. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, sərhəd bölgəsi olan Sədərək rayonunda da əhalinin məşğulluğu təmin olunub, ötən dövrdə bu sahədə uğurlu nəticələr əldə edilib.
Sonra tədbir iştirakçıları idarə, müəssisə və təşkilatlar tərəfindən əmək yarmarkasına çıxarılmış vakant iş yerləri ilə tanış olublar. Yeddi təşkilatdan 98 iş yerinin təqdim olunduğu əmək yarmarkasında 10 nəfərə işə göndəriş verilib.