REGİONLAR


Sədərək rayonunda qadınlar üçün toxuculuq təlimi təşkil olunub

Naxçıvan, 23 fevral, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatı Qadınlar Şurasının təşkilatçılığı ilə qadınlar üçün toxuculuq təlimi təşkil edilib.

Komitənin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, tədbirdə çıxış edən qurumun Ailə, qadın problemləri və gender məsələləri şöbəsinin müdiri Tarverdi Məmmədov muxtar respublikada məşğulluq məsələlərinin diqqət mərkəzində saxlanıldığını bildirib. Qeyd edib ki, bu gün əhalinin, xüsusən də qadınların məşğulluğunun artırılması, əmək bazarının tələblərinə uyğun peşə hazırlıqlarının təşkili, özünüməşğulluq imkanlarının təmin edilməsi istiqamətində ardıcıl işlər görülüb, müvafiq sahə ilə bağlı qanunvericilik bazası təkmilləşdirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 28 yanvar tarixli Sərəncamı ilə “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi, hazırda proqramın icrası ilə əlaqədar müvafiq işlərin həyata keçirilməsi görülən tədbirlərin davamıdır. Bu gün qadınlar arasında xalq tətbiqi sənət nümunələrinin, milli dəyərlərin yaşadılması istiqamətində də işlər və sosial layihələr həyata keçirilir.

Daha sonra Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatı Qadınlar Şurasının sədri Vüsalə Əliyeva muxtar respublikada dövlət qadın siyasətinin uğurla həyata keçirilməsindən, qadınların ictimai işlərdə fəal iştirakından bəhs edib. Bildirib ki, toxuculuq sənətinin inkişaf etdirilməsi, qadınların bu sahəyə marağının artırılması, onların əl işlərinin satışının təmin edilməsi ailə büdcəsinə dəstək olmaqla yanaşı, həm də qadınların məşğulluğunun təmin olunmasına yol açır.

Təlimçı, istedadlı toxucu Gülsüm Kəngərli bu gün milli-mənəvi dəyərlərin yaşadıldığını və inkişaf etdirildiyini bildirib. Qeyd edib ki, zəngin naxışlı, rəngarəng çeşidli toxumalar daim xalq ustalarının bədii fikir və yaradıcı təxəyyülünü özündə əks etdirib, xalqın bədii estetik tərbiyəsinin inkişafında mühüm rol oynayıb. Toxuculuq eyni zamanda dövrünün inkişaf tarixini özündə yaşadır.

Təlimdə Sədərək rayonunda yaşayan aztəminatlı ailənin üzvü, əlil qadınlar və rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dərnək rəhbərləri iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.