REGİONLAR
Sədərək rayonunun rabitə xətlərində təmir-bərpa işləri davam etdirilir
Sədərək, 4 iyul, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasında həyata keçirilən sosial-iqtisadi islahatlar rabitə sahəsinin inkişafına da əsaslı zəmin yaradıb, ən müasir texnologiyaların tətbiq edilməsi ilə telekommunikasiya xidmətlərinin çeşidinin və keyfiyyətinin artırılması istiqamətində bir sıra layihələr icra olunub.
Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Sədərək rayonunda da digər sahələrdə olduğu kimi rabitə və yeni texnologiyalar sahəsində mühüm nəticələr əldə edilir, rayonun bütün yaşayış məntəqələri fiber-optik xətt və sürətli internetlə təmin olunur. Sakinlərin rabitə və internet xidmətlərinə olan tələbatının ödənilməsi məqsədilə rayon mərkəzində və kəndlərdə mövcud avtomat telefon stansiyalarının internet tutumları artırılaraq internet istifadəçilərinin tələbatının ödənilməsinə şərait yaradılıb. Həmçinin istismar müddəti ərzində rabitə xətt və abunə qurğularında yaranmış nazaslıqların aradan qaldırılması istiqamətində də operativ və zəruri tədbirlər həyata keçirilir. Belə ki, rayonun Sədərək, Dəmirçi və Qaraağac kəndlərində xətt təsərrüfatında təmir-bərpa işləri aparılıb. Uzun müddət istismar olunan və müxtəlif səbəbdən yararsız vəziyyətə düşən taxta rabitə dirəkləri metal dirəklərlə əvəz olunub.
Dəmirçi və Sədərək kəndlərində istismarda olan yeni nəsil avtomat telefon stansiyalarının internet tutumu da artırılıb.