REGİONLAR
Sədərək sakinləri humanitar tibbi aksiyadan yararlanıblar
Naxçıvan, 29 avqust, AZƏRTAC
Muxtar respublikanın yüksəkixtisaslı həkim heyətləri bölgələrdə humanitar tibbi aksiyaları davam etdirir.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublika Xəstəxanasının kollektivi bu dəfə Sədərək rayonunda olub. Aksiya çərçivəsində rayon sakinləri 120-dən çox tibbi müayinədən yararlanıb.
Müraciət edən pasiyentlərin hamısını tibbi xidmətlə təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən lazımi şərait yaradılıb. Gün ərzində laborator təhlillər, elektrokardioqrafiya, ultrasəs müayinələri aparılıb. Səhhətində problem aşkar olunanlara ilkin diaqnoz qoyulub, müalicə təyin edilib və tibbi məsləhətlər verilib.
Qeyd edək ki, səhiyyə xidmətlərinin səviyyəsini müasir tələblərə çatdırmaq, keyfiyyətini daha da yaxşılaşdırmaq məqsədilə Sədərək Rayon Mərkəzi Xəstəxanası da ən müasir tibbi avadanlıqlarla təchiz edilib, Naxçıvanda ilk dəfə icbari tibbi sığortanın tətbiqinə bu səhiyyə ocağından başlanılıb. Xəstəxanada yaradılan şərait yüksəkixtisaslı həkimlər tərəfindən bu cür kütləvi tibbi aksiyaların keçirilməsinə, eləcə də mürəkkəb cərrahi əməliyyatlar aparılmasına imkan verir.