REGİONLAR
Sədərəkdə keçirilən əmək yarmarkasına 67 boş iş yeri çıxarılıb
Sədərək, 7 iyul, AZƏRTAC
“2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrasına uyğun olaraq, muxtar respublikada əmək yarmarkalarının keçirilməsi davam etdirilir. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən növbəti əmək yarmarkası iyulun 7-də Sədərək rayonunda təşkil olunub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tədbirdə çıxış edənlər muxtar respublikada məşğulluğun artırılması istiqamətində həyata keçirilən tədbirlərdən danışıblar. Bildirilib ki, əmək yarmarkaları işaxtaran vətəndaşların işlə təmin olunması istiqamətində mühüm əhəmiyyət kəsb edən aktiv məşğulluq tədbirlərindən hesab olunur. Yarmarkaların keçirilməsində əsas məqsəd işəgötürənlərin qısa vaxt ərzində müvafiq tələblərə cavab verə bilən kadr seçiminə, işaxtaran vətəndaşların isə işlə təmin olunmalarına kömək göstərilməsini təşkil etməkdir.
Diqqətə çatdırılıb ki, əmək yarmarkalarında müəssisələrdə olan vakant iş yerləri işaxtaran vətəndaşlara təklif olunur və onlara seçdikləri iş yerlərinə göndərişlər verilir. Peşə və ixtisası olmayan, yaxud peşə bacarığına uyğun iş tapılmasında çətinliklə qarşılaşan şəxslər peşə hazırlığına cəlb edilirlər. Bu tədbirlərdə vətəndaşların ödənişli ictimai işlərə, özünüməşğulluq proqramına cəlb edilmələri üçün qeydiyyatı da aparılır.
Hərbi xidmətdən yeni tərxis olunmuş gənclərin də iştirak etdiyi əmək yarmarkasında işaxtaranlara, ümumilikdə, 10 müəssisədən 67 boş iş yeri təqdim edilib. 7 nəfərin sözügedən vakansiyalar üzrə işə göndərilməsi təmin edilib, 3 nəfərin peşə hazırlığı kurslarına qeydiyyatı aparılıb, 8 nəfər isə özünüməşğulluq proqramına cəlb olunub.
Növbəti əmək yarmarkası iyulun 8-də Ordubad rayonunda təşkil ediləcək.