İDMAN
Şəfəq Hüseynli: İnanırıq ki, “Tokio-2020”yə lisenziya qazanan idmançılarımızda dopinqlə bağlı problem olmayacaq
Bakı, 17 iyul, AZƏRTAC
İnanırıq ki, “Tokio-2020” Yay Olimpiya Oyunlarına lisenziya qazanan idmançılarımızda dopinqlə bağlı hansısa problem olmayacaq. Bu il dopinq nəzarəti və hazırlıq baxımından fərqli oldu. Beynəlxalq Antidopinq Agentliyi (WADA) ilə birlikdə lisenziya qazanan idmançılarımızla tez-tez testlər keçirdik. Əvvəlki Olimpiada ilə müqayisədə deyə bilərik ki, idmançılarımız Tokioya təmiz yollanıblar. Bu işdə federasiyalar bizə lazımi dəstəyi göstərdilər.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) direktoru Şəfəq Hüseynli iyulun 17-də Milli Mətbuat Günü münasibətilə idman jurnalistləri ilə keçirilən görüşdə deyib.
Mətbuat işçilərini təbrik edən AMADA rəsmisi ağırlıqqaldıranımız Boyanka Kostovanın dopinq-testdən keçə bilməyərək yarışdan kənarda qalmasına da münasibət bildirib. Onun sözlərinə görə, atlet Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) izlənilən idmançılar siyahısında olub. Kostovanın testi ilk yoxlanışda pozitiv çıxdı. Ondan dopinq testi götürmək ixtiyarı daha çox İWF-də olub.
Ş.Hüseynli antidopinq məsələlərində beynəlxalq qurumlardan Azərbaycana qarşı qərəzli mövqe görmədiklərini qeyd edib: “Bəzi idmançılarımızın dopinq əngəli ilə üzləşmələrində siyasi məsələlərin olduğunu deyə bilmərəm. Əksinə, bizə hər cür dəstək göstərilir. Nə vaxtsa problem yaratmaq istədiklərini görməmişik. Son bir neçə ildə bütün federasiyalarla yaxşı münasibətlərimiz qurulub”.
Tədbirin sonunda jurnalistlər arasında bilik yarışı keçirilib və qaliblər mükafatlandırılıb.