REGİONLAR


Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ötən 8 ildə şərəfli inkişaf yolu keçib

Sumqayıt, 13 fevral, Ətrabə Rzayeva, AZƏRTAC

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının 8-ci ildönümü Sumqayıtda da qeyd edilib. Xidmətin Sumqayıt şəhər idarəsinin əməkdaşları əvvəlcə şəhərin Heydər Əliyev parkına gələrək Ümummilli Liderin abidəsini ziyarət edib, önünə tər gül dəstələri düzüblər. Sonra Heydər Əliyev Mərkəzi ilə tanışlıq olub.

AZƏRTAC xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər idarəsinin inzibati binasında davam etdirilən tədbirdən öncə foyedə Xidmətin yaranma tarixini əks etdirən stendlərə baxılıb.

Akt zalında keçirilən tədbirdə şəhər rəhbərliyi, hüquq-mühafizə orqanlarının və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Xidmətin Sumqayıt idarəsinin rəisi, polkovnik Natiq Qarayev qurumun fəaliyyətindən danışaraq bildirib ki, Prezident İlham Əliyevin 2012-ci il 13 fevral tarixli Fərmanı ilə yaradılan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ötən 8 ildə şərəfli inkişaf yolu keçib.

Ölkəmizin sürətli və hərtərəfli inkişafından danışan N.Qarayev qazanılan nailiyyətlərin Ulu Öndərin müəyyən etdiyi strategiyanı uğurla reallaşdıran Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin adı ilə bağlı olduğunu vurğulayıb.

Natiq Qarayev Xidmətin qarşısında duran vəzifələrdən danışaraq, vətəndaşların hərbi-vətənpərvərlik tərbiyəsi, müddətli həqiqi hərbi xidmətə çağırışaqədərki hazırlıq, həqiqi hərbi xidmətə çağırış, ehtiyatda xidmət keçilməsi, səfərbərlik hazırlığı, səfərbərlik üzrə çağırış və digər mühüm vəzifələrin icrasına Xidmətin Sumqayıt əməkdaşlarının daim məsuliyyətlə yanaşdığını bildirib. Məhz bu tədbirlərin nəticəsidir ki, sumqayıtlı gənclər hərbi xidmətə həvəslə yollanır, hərbi xidmətdən yayınma halları yoxdur.

Tədbirdə iştirak edən qonaqlar adından çıxış edən Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin şəhər bölməsinin rəhbəri Tərlan Hacızadə qurumun ordu quruculuğundakı rolundan danışıb.

Sonra Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər idarəsinin əməkdaşlarını qurumun yaranma günü münasibətilə təbrik edib. O, Azərbaycanın müstəqillik illərində qazandığı ən böyük nailiyyətlərdən birinin də ölkəmizin qüdrətli orduya sahib olması olduğunu qeyd edib. Bildirib ki, Prezident İlham Əliyev ordumuzun döyüş qabiliyyətinin artırılmasını, Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsini hər zaman diqqət mərkəzində saxlayır. Bu diqqətin nəticəsidir ki, indi Azərbaycan Silahlı Qüvvələri dünyanın ən qüdrətli 50 ordusu sırasındadır.

Sonda səfərbərlik hazırlığı və gənclərin həqiqi hərbi xidmətə çağırılması sahəsində xidmətdə fərqlənən hərbi qulluqçulara və əməkdaşlara Sumqayıt Şəhər İcra Hakimiyyətinin fəxri fərmanları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin diplomları və hədiyyələri təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.