CƏMİYYƏT
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirir
Bakı, 13 fevral, Məhərrəm Əlioğlu, AZƏRTAC
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) qarşısına qoyulan vəzifələr layiqincə yerinə yetirilir.
AZƏRTAC xəbər verir ki, bunu fevralın 13-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov jurnalistlərə müsahibəsində deyib.
A.Rəhimov bildirib ki, qarşıya qoyulan tapşırıqlar bundan sonra da yüksək səviyyədə icra olunacaq. Xidmətin əsas vəzifələrindən biri səfərbərlik işinin təşkilidir. Qurum yarandığı gündən Silahlı Qüvvələrin digər strukturları ilə birlikdə bu istiqamətdə mühüm işlər görür.