CƏMİYYƏT
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon şöbəsi üçün yeni tikilmiş inzibati binanın açılışı olmuşdur VİDEO
Ağsu, 12 fevral (AZƏRTAC). Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon şöbəsi üçün tikilmiş yeni inzibati binanın açılışı olmuşdur.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə fevralın 12-də keçirilən mərasimi Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev açmış, kollektivə fəaliyyətində uğurlar diləmişdir.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov çıxış edərək xidmətin ötən iki il ərzində fəaliyyəti, görülən işlər, əldə edilən uğurlar barədə danışmışdır. O, işçilərin bundan sonra həyata keçirəcəkləri işlərə daha məsuliyyətlə yanaşmalarını, dövlətə, Vətənə şərəflə xidmət etmələrini tövsiyə etmişdir. General-leytenant Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının ikinci ildönümü münasibətilə bütün kollektivi təbrik etmiş və uğurlar arzulamışdır. A.Rəhimov qeyd etmişdir ki, Prezident İlham Əliyevin “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun tətbiqi barədə 2012-ci 13 fevral tarixli Fərmanı, bu Fərmana əsasən şəhər, rayon hərbi komissarlıqlarının ləğv edilərək onların bazasında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılması bu sahədə çalışan hər kəsdən ciddi məsuliyyət tələb edir.
A.Rəhimov qeyd etmişdir ki, son vaxtlar Xidmətin yerli şöbələri üçün yeni inzibati binalar tikilir və ya mövcud binalar əsaslı təmir edilir. Bu gün respublikamızda ilk istifadəyə verilən yeni inzibati bina Ağsudadır. Bu günədək Sumqayıt şəhər idarəsinin binası əsaslı təmir edilmiş, hazırda isə Bakının Nizami, eləcə də Qəbələ və Füzuli rayon şöbələri üçün yeni inzibati binaların inşası həyata keçirilir.
Sonra binanın rəmzi açılışını bildirən lent kəsilmiş, mərasim iştirakçıları ayrı-ayrı otaqları gəzmiş, yaradılan şəraitlə tanış olmuşlar.
Ümumi sahəsi 2500 kvadratmetr olan üçmərtəbəli binada işçilərin normal fəaliyyəti üçün hər cür şərait yaradılmışdır. Binada 21 iş otağı, o cümlədən iclas zalı, çağırışçılarla iş bölməsi, səfərbərliyə hazırlıq və səfərbərlik bölməsi, qeydiyyat otağı, növbətçi, məxfi hissə, tibbi komissiya üçün 12 otaq vardır.