REGİONLAR
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyi Masallı və Yardımlıda vətəndaşları qəbul edib
Masallı, 15 noyabr, Bağır Əliyev, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevinin tapşırıq və tövsiyələrinə müvafiq olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, noyabrın 15-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində Yardımlı və Masallı, Xidmətin rəis müavini Mayıl Şahverdiyev isə Cəlilabadda Biləsuvar və Cəlilabad rayonlarının vətəndaşlarını qəbul ediblər.
Masallıda keçirilən qəbuldan əvvəl general-leytenant Arzu Rəhimov və Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla anıblar.
Qəbula gələn vətəndaşların müraciətləri əsasən, veteran adı və vəsiqəsinin verilməsi, müddətli həqiqi hərbi xidmətə çağırılan gənclərin ailə vəziyyəti ilə əlaqədar daha yaxın hərbi hissələrdə xidmət göstərmələri, qurumun müvafiq şöbə və bölmələrində işə və ya həqiqi hərbi xidmətə qəbul və digər məsələlərlə bağlı olub.
General-leytenant Arzu Rəhimov hər bir vətəndaşın müraciətini diqqətlə araşdırıb və qaldırılan məsələlərin mövcud qanunvericiliyin tələblərinə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib.
Qəbul zamanı qaldırılan məsələlərin bir çoxu operativ surətdə yerindəcə həll edilib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə qeydə alınaraq aidiyyəti orqanlara çatdırılmaq üçün nəzarətə götürülüb.