REGİONLAR
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Horadizdə vətəndaşları qəbul edib VİDEO
Füzuli, 21 may, Tahir Ağaməmmədov, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam edir.
AZƏRTAC xəbər verir ki, mayın 21-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov Horadiz şəhərində Füzuli, Beyləqan, İmişli, Ağcabədi və Ağdam rayonlarından olan vətəndaşları qəbul edib.
Qəbula gələn vətəndaşların müraciətləri əsasən veteran adı və vəsiqəsinin verilməsi, Xidmətin müvafiq şöbə və bölmələrində işə və ya həqiqi hərbi xidmətə qəbul, şəhid statusunun verilməsi və digər məsələlərlə bağlı olub.
General-leytenant Arzu Rəhimov hər bir vətəndaşın müraciətini diqqətlə araşdırıb və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib.
Qəbul zamanı qaldırılan məsələlərin bir çoxu operativ surətdə yerindəcə həll edilib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə qeydə alınaraq aidiyyəti orqanlara çatdırılmaq üçün nəzarətə götürülüb.
Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya, yaradılan şəraitə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.