REGİONLAR
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Ucarda vətəndaşları qəbul edib
Ucar, 20 iyul, Adil Ağayev, AZƏRTAC
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2017-ci ilin iyul ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə müvafiq olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov iyulun 20-də Ucar rayonunda Ucar, Yevlax, Bərdə, Ağdaş, Göyçay, Zərdab və Tərtərdən olan vətəndaşları qəbul edib.
AZƏRTAC xəbər verir ki, general-leytenant A.Rəhimov və rayon icra hakimiyyəti başçısının birinci müavini Əliş Cəbrayılov əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüblər.
YAP rayon təşkilatının inzibati binasında keçirilən qəbulda 30 nəfərədək vətəndaşın müraciətinə baxılıb. Müraciətlər əsasən müddətli həqiqi hərbi xidmətə çağırılan övladlarının ailə vəziyyətləri ilə əlaqədar yaşadıqları əraziyə yaxın hərbi hissələrdə xidmət keçmələri, müharibə veteranı adının və müvafiq vəsiqənin verilməsi, xidmətin müvafiq şöbə və bölmələrində işə və ya həqiqi hərbi xidmətə qəbulda kömək göstərilməsi və digər məsələlərlə bağlı olub.
Bir sıra müraciətlər yerindəcə həllini tapıb. Bəzi müraciətlərlə əlaqədar vətəndaşlara qanunvericiliyin müvafiq tələbləri izah edilib. Araşdırılması tələb olunan müraciətlər isə nəzarətə götürülüb.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti üzrə baxılması məqsədilə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.