CƏMİYYƏT


Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının altıncı ildönümü geniş qeyd edilib YENİLƏNİB

Bakı, 13 fevral, AZƏRTAC

Fevralın 13-də Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının altıncı ildönümü münasibətilə təntənəli mərasim keçirilib.

AZƏRTAC xəbər verir ki, Xidmətin rəisi, general-leytenant Arzu Rəhimov tədbirdə çıxış edərək şəxsi heyətə təbriklərini çatdırıb. A.Rəhimov bildirib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı ilə uğurla davam etdirilən ordu quruculuğu prosesi yeni mərhələyə qədəm qoyub. Bu gün Azərbaycan Ordusu istənilən an düşmənə sarsıdıcı zərbə vurmaq, torpaqlarımızı işğaldan azad etmək iqtidarındadır. Ordumuzda ruh yüksəkliyi və vətənpərvərlik hissləri olduqca yüksəkdir. 2016-cı ilin Aprel döyüşləri bunu nəinki düşmənə, bütün dünyaya nümayiş etdirdi.

Bu gün müstəqil Azərbaycanın ordu quruculuğu prosesinin ölkə siyasətinin prioritetlərindən olduğunu və bu istiqamətdə işlərin uğurla davam etdirildiyini vurğulayan A.Rəhimov bildirib ki, ordu dövlətin suverenliyini və ərazi bütövlüyünü təmin edən əsas qüvvə kimi dövlət quruculuğunun tərkib hissələrindən biridir.

Xidmətin yarandığı gündən genişmiqyaslı tədbirlər həyata keçirdiyini deyən A.Rəhimov qeyd edib ki, səfərbərlik hazırlığı və səfərbərlik işinin təşkili, vətəndaşların hərbi qeydiyyata alınması, hərbi xidmətə hazırlanması və müddətli həqiqi hərbi xidmətə çağırılmasının təşkili, Silahlı Qüvvələrin çağırışçılarla komplektləşdirilməsi, gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi, müddətli həqiqi hərbi xidmətə çağırışaqədərki hazırlığı, habelə vətəndaşların qəbulu və müraciətlərinə baxılması, korrupsiyaya qarşı mübarizə, maddi-texniki və qanunvericilik bazalarının təkmilləşdirilməsi, eləcə də digər sahələrdə əhəmiyyətli nəticələr əldə edilib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində böyük inkişaf yolu keçərək ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə layiqli töhfə verib və bu proses davam etməkdədir.

Diqqətə çatdırılıb ki, çağırış yaşına çatmış gənclərin müddətli həqiqi hərbi xidmətə cəlb edilməsi Xidmətin fəaliyyətinin mühüm istiqamətlərindəndir. Hazırda müharibə şəraitində olan ölkəmizdə səfərbərlik hazırlığı və müddətli həqiqi hərbi xidmətə çağırış işi Xidmətin üzərinə əlavə məsuliyyətlər qoyur. Bu məsələlərin yüksək səviyyədə yerinə yetirilməsi məqsədilə bir sıra məqsədyönlü tədbirlər həyata keçirilib. Ümumtəhsil müəssisələrində çağırışaqədərki hazırlıq fənninin tədrisinin müvafiq əsasnamənin tələblərinə uyğun təşkili və keçirilməsinin yoxlanılması, həmçinin əməli köməyin göstərilməsi mütəmadi olaraq nəzarətdə saxlanılıb.

Qeyd olunub ki, korrupsiyaya qarşı mübarizə və şəffaflığın artırılması istiqamətində tədbirlər sırasında mühüm yeri vətəndaşlara elektron xidmətlərin göstərilməsi tutur. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti də bu istiqamətdə mühüm nailiyyətlər əldə edib. Çağırışçılar müddətli həqiqi hərbi xidmətlərini hansı qoşun növündə, yaxud hərbi hissədə keçmələri barədə məlumatları SMS vasitəsilə öyrənə bilirlər. Ötən müddətdə elektron xidmətlərlə yanaşı, qurumun əməkdaşlarının “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərməsi də müsbət dəyişikliklərdəndir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti də bu işə töhfə verib.

A.Rəhimov əminliklə bildirib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hər bir əməkdaşı bundan sonra da ümummilli liderimiz Heydər Əliyev ideyalarına sadiq qalacaq, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin üzərimizə qoyduğu vəzifələrin öhdəsindən layiqincə gələrək, daha böyük nailiyyətlər əldə etməyə çalışacaq.

Sonra Xidmətin fəaliyyəti ilə bağlı film nümayiş olunub.

Tədbirdə çıxış edən Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim, “Azərbaycan Əfqanıstan Müharibəsi Veteranları” İctimai Birliyinin sədri Məhəmməd Vəliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Emin Həsənli çıxış edərək Xidmətin yaranmasının ildönümü münasibətilə təbriklərini çatdırıb, altı il ərzində görülən işləri yüksək qiymətləndiriblər.

Sonda Xidmətin bir qrup hərbi qulluqçusunun təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları oxunub, xidmətdə fərqlənən hərbi qulluqçular və əməkdaşlar mükafatlandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.