İQTİSADİYYAT
Səfir: ABŞ Azərbaycan hökumətinin sahibkarlığın inkişafı məqsədilə atdığı addımları alqışlayır
Bakı, 17 noyabr, AZƏRTAC
Bakıda noyabrın 17-də Qlobal Sahibkarlıq Həftəsi çərçivəsində “Azərbaycanda kiçik sahibkarlığın inkişafı” adlı konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, ABŞ-ın Azərbaycandakı səfirliyinin təşəbbüsü və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) dəstəyi ilə təşkil olunmuş tədbirdə çıxış edənlər qeyri-neft sektorunun inkişafı, iş yerlərinin yaradılması, iqtisadiyyatın inkişafı üçün kiçik sahibkarlığın böyük önəm daşıdığını qeyd ediblər.
Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun sədri Sabit Bağırov deyib ki, Qlobal Sahibkarlıq Həftəsi ərzində bütün dünyada keçirilən tədbirlər və müsabiqələr milyonlarla insanı sahibkarlıqla məşğul olmağa ruhlandırır. Eyni zamanda, bu insanları potensial tərəfdaşlar, mentor və hətta investorlarla əlaqələndirir.
ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta bildirib ki, ABŞ Azərbaycanda qadınların iqtisadi imkanlarının artırılmasına çalışır. “Ölkəmiz sahibkarlığın inkişafının sürətləndirilməsi məqsədilə Azərbaycan hökumətinin atdığı addımları alqışlayır. Biz islahatların davamlı və səmərəli olması üçün tərəfdaşlıq etməyə hazırıq” – deyə səfir vurğulayıb.
ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Derek Hoqan qeyd edib ki, Qlobal Sahibkarlıq Həftəsi təkcə Azərbaycanda deyil, bir çox ölkələrdə keçirilir. Beş il ərzində onun əhatə dairəsi 131 ölkəyədək genişlənib və davamlı tədbirlər vasitəsilə 25 milyona yaxın iştirakçı cəlb edib.
Sahibkarlıq məsələlərinə diqqət çəkən Derek Hoqan vurğulayıb ki, ölkələr şəxslərə özlərinin səylərinə əsasən uğur qazanmaq, habelə bunun bəhrəsini görmək şansı verdikdə, həmin şansdan yararlanmaq istəyən minlərlə insan tapıla bilər. Həmin insanlar cəmiyyətə daha möhkəm stabillik gətirən yollarla ölkəni yaxşılığa doğru dəyişə bilərlər.
Azərbaycanın Milli Sahibkarlar Təşkilatları Konfederasiyasının Baş katibi Mənhəmmədəli Əfəndiyev məlumat verib ki, bu il ölkəmizdə sahibkarlar üçün 250 milyon manat güzəştli kreditlər nəzərdə tutulub. Bu da sahibkarlığın inkişafında müəyyən rol oynayacaq.
Hazırda ixrac yönümlü məhsulların artırılmasına ehtiyac olduğunu deyən iqtisadçı Vahid Əhmədov bu məqsədlə görülən tədbirlərdən danışıb. Qeyd edib ki, yanvarın 1-dən etibarən kənd təsərrüfatı məhsulları istehsalçıları beş il müddətinə torpaq vergisindən başqa, bütün vergilərdən azad olunacaq.
Dünya Bankının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Larisa Leşşenko bildirib ki, qadınların sahibkarlıq fəaliyyəti ilə məşğul olması əlavə iş yerlərinin açılması, məşğulluğun təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycanda da qadınların sahibkarlıq fəaliyyətinin dəstəklənməsi üçün dövlət başçısı tərəfindən müəyyən fərmanlar imzalanıb.
Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Nil Makkeyn qadın sahibkarların kişilərə nisbətən daha intizamlı olmasından danışıb. “Onlar bank kreditlərini vaxtında qaytarırlar. Gecikmələr nadir hallarda olur. Gələn il biz qadınlarla bağlı bir sıra iri borcvermə proqramları həyata keçirəcəyik. Bu kreditlərin əksər hissəsi yerli banklar vasitəsi ilə veriləcək. Artıq bununla bağlı üç bank və maliyyə təşkilatı müəyyənləşdirilib” – deyə N.Makkeyn məlumat verib.