İQTİSADİYYAT
Səfir: ABŞ Azərbaycana strateji cəhətdən vacib ölkə kimi dəyər verir

Bakı, 29 mart, AZƏRTAC
ABŞ Azərbaycana strateji cəhətdən vacib ölkə kimi dəyər verir.
Azərbaycanda Amerika Ticarət Palatasından ("AmCham Azərbaycan") AZƏRTAC-a bildirilib ki, bu sözləri ABŞ-ın ölkəmizə yeni təyin edilmiş səfiri Örl Litzenberqer martın 29-da "AmCham Azərbaycan"ın öz üzvləri üçün təşkil etdiyi aylıq işgüzar nahardakı çıxışında deyib.
Səfir "Azərbaycanın biznes mühitinin təkmilləşdirilməsi üzrə müşahidə və tövsiyələr" adlı Ağ sənəd də daxil olmaqla, Azərbaycanın işgüzar mühitinin yaxşılaşdırılmasına kömək etmək üçün göstərdiyi səylərə, palatanın Azərbaycan hökuməti ilə sahibkarlar və istehlakçılar arasında daha güclü dialoqun aparılmasında və ABŞ ilə Azərbaycan arasındakı ikitərəfli əlaqələrin əhatə dairəsinin genişləndirilməsi istiqamətində gördüyü işlərə görə Ticarət Palatasına təşəkkürünü bildirib. O, ABŞ-ın Azərbaycana strateji cəhətdən vacib ölkə kimi dəyər verdiyini vurğulayaraq, ikitərəfli əlaqələri daha da dərinləşdirməyə və ümumi maraq doğuran bütün sahələrdə əməkdaşlığı genişləndirməyə sadiq qalacağını deyib.
Qeyd edək ki, Azərbaycanda Amerika Ticarət Palatası xarici və yerli biznesin maraqlarını dəstəkləyən və təşviq edən özəl, qeyri-kommersiya əsaslı aparıcı ticarət-sənaye assosiasiyasıdır. 1996-cı ildə yaradılmış “AmCham Azərbaycan” iqtisadiyyatın hər sektorunda fəaliyyət göstərən 290-dan çox üzv və köməkçi şirkəti özündə birləşdirir. Palata ölkədə bütün xarici investisiyaların təxminən 80 faizini, eləcə də yerli investisiyaların mühüm hissəsini təmsil edir.