SİYASƏT
Səfir: Avropa İttifaqı daha da güclü Azərbaycanla əməkdaşlıqda maraqlıdır
Bakı, 14 mart, Rauf Hacıyev, AZƏRTAC
Avropa İttifaqı daha da güclü Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Hazırda Avropa İttifaqı əsas islahat tərəfdaşı kimi Azərbaycandakı müvafiq qurumlar çərçivəsində ən qabaqcıl təcrübələrin bir sıra sahələrə tətbiq olunmasında səy göstərir. Bunun üçün Avropa İttifaqı və Azərbaycan gələcək perspektivlər üzərində əməkdaşlığını davam etdirir.
Bunu Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko “Şərq Tərəfdaşlığında birlikdə daha güclüyük. Azərbaycan üçün faydaları?” mövzusunda keçirilən seminarda deyib.
Səfir bildirib ki, bu il fevralın 11-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin videokonfrans formatında keçirilən VII iclasında Avropa İttifaqının beynəlxalq maliyyə tərəfdaşları Avropa Yenidənqurma və İnkişaf Bankı ilə birlikdə Azərbaycana iki milyard avro sərmayə qoyulmasına qərar verib. Bu sərmayə Azərbaycanın iqtisadi inkişafını yüksək səviyyəyə qaldırmağa dəstək olacaq. Həmçinin Azərbaycanın iqtisadi inkişaf imkanlarını ölkənin bütün regionlarına bərabər şəkildə paylamağa şərait yaradacaq.
“Yaxın aylarda bu investisiya planı çərçivəsində beş flaqman təşəbbüsün həyata keçirilməsinə başlanılacaq. Buraya Bakı şəhərinin malların daşınması və çatdırılması, həmçinin xidmətlər sahəsində mərkəzə çevrilməsi, Azərbaycanda nəqliyyat dəhlizinin təkmilləşdirilməsi, 25 minə yaxın kiçik və orta sahibkarlıq subyektinə dəstək göstərilməsi üçün kreditlərin ayrılması, qida emalı istehsalçılarına dəstəyin göstərilməsi, beş ağıllı yaşıl şəhərin müxtəlif texnologiyalarla təmin edilməsinə müvafiq şəraitin yaradılması daxildir”, – deyə səfir P. Mixalko qeyd edib.