MƏDƏNİYYƏT
Səfir: Azərbaycan Hindistan turistləri üçün yeni maraq mərkəzi kimi formalaşır
Bakı, 25 may, AZƏRTAC
Azərbaycan Hindistan turistləri üçün yeni maraq mərkəzi kimi formalaşır. Ölkələrimiz arasındakı tarixi əlaqələrin buna təsiri böyükdür.
AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycanın Hindistandakı səfiri Əşrəf Şıxəliyev Dehlidə Hindistanın Beynəlxalq Media və Əyləncə Sənayesi Palatasının (ICMEI), Turizm və Nəqliyyat Kooperativlərinin Milli Federasiyasının və “Magicka” İş Qadınları Birliyinin təşkilatçılığı ilə keçirilən Milli Qida və Turizm Konfransında deyib.
Hindistanın turizm və qida sənayesi şirkətlərinin, sahə üzrə nüfuzlu ekspertlərin, diplomatik korpus və KİV nümayəndələrinin iştirak etdikləri tədbirdə Hindistanla ikitərəfli turizmin inkişafı sahəsində əvvəlki illərdə fəaliyyətinə görə Azərbaycan səfirliyi də daxil olmaqla fərqlənmiş səfirliklərə mükafatlar təqdim edilib.
Səfir Ə.Şıxəliyev Azərbaycan səfirliyinin turizm sahəsində əlaqələrin inkişafındakı səylərinin qiymətləndirilməsinə görə minnətdarlığını ifadə edib. O, Azərbaycan xalqının qonaqpərvərliyindən, ölkəmizdə turizmin inkişafına dövlət dəstəyindən, turizm potensialından, “ASAN viza” sistemi daxil olmaqla son illərdə həyata keçirilmiş tədbirlər sayəsində turistlərin sayındakı artımdan bəhs edib, ölkəmizin son illər bir çox beynəlxalq miqyaslı tədbirlərə ev sahibliyi etdiyini diqqətə çatdırıb.
Hindistan turistlərinin böyük maraq göstərdiyi “Atəşgah” məbədi haqqında məlumat verən səfir, 2015-ci ildən keçirilməyə başlanılan Avropa Oyunlarının məşəlinin hər dəfə məhz buradan alovlandırılacağını bildirib. Diplomat Yanardağ, palçıq vulkanları, müalicəvi Naftalan nefti və Naxçıvanın Duzdağı kimi cəlbedici turizm məkanlarından söz açıb.
Səfir Ə.Şıxəliyev 2019-cu ilin əvvəlində açılması nəzərdə tutulan Bakı-Dehli birbaşa aviareysinin ölkələrimiz arasında turizm əlaqələrinin daha da inkişafına töhfə verəcəyinə əminliyini bildirib.
Tədbirdə Azərbaycanın mədəniyyəti, musiqisi, mətbəxi, tarixi abidələri, memarlığı, müasir inkişafı haqqında videomateriallar nümayiş etdirilib, ölkəmizlə bağlı çoxsaylı suallar cavablandırılıb.