SİYASƏT
Səfir: Azərbaycan ilə İndoneziya arasında yüksək səviyyəli əlaqələr mövcuddur
Bakı, 24 aprel, Anar Rzayev, AZƏRTAC
Azərbaycan ilə İndoneziya arasında yüksək səviyyəli əlaqələr mövcuddur. Siyasi nöqteyi-nəzərdən danışsaq, bizim dövlətlərimiz arasında dostluq münasibətləri var. Biz çalışırıq ki, beynəlxalq təşkilatlarda bir-birimizin maraqlarını qoruyaq. Hər iki dövlət geniş miqyasda bir-birini dəstəkləyir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Azərbaycanın İndoneziyadakı səfiri Tamerlan Qarayev deyib.
Keçmiş sovet ölkələri arasında Azərbaycanın İndoneziya ilə ticarət əlaqələrinin səviyyəsinə görə Rusiyadan sonra ikinci yerdə olduğunu bildirən səfir münasibətlərimizin spesifik xarakter daşıdığını vurğulayaraq deyib: “Azərbaycan İndoneziyaya neft ixrac edir, böyük miqdarda olmasa da, bəzi malları İndoneziyadan idxal edir. Lakin potensial çox böyükdür. Mən deyərdim ki, İndoneziya iqtisadi nöqteyi-nəzərdən kəşf olunmamış iqtisadiyyatdır. Proqnozlar belə göstərir ki, İndoneziyanın iqtisadi potensialı yaxın müddətdə Almaniya və İngiltərəni də keçəcək. Burada investisiyalar üçün imkanlar genişdir. Ancaq biz Azərbaycanın iş adamlarını, özəl sektoru buraya çox da cəlb edə bilməmişik. Bizim İndoneziyada böyük işlər görməyə imkanımız var, məxsusi olaraq neft sektorundakı təcrübəmiz bu ölkə üçün önəmlidir. İndoneziya turizm ölkəsidir. Hazırda İndoneziyanın müxtəlif yerlərində turizm inkişaf edir. Burada çox gözəl və maraqlı yerlər var. Ancaq infrastruktur hələ kifayət qədər inkişaf etməyib. Müasir otellərə ehtiyac var. Təbii ki, bizim iş adamlarımız buraya investisiya yatırsalar, otel biznesi burada inkişaf edə bilər”.
Azərbaycanın sürətlə inkişaf edən turistik mərkəzə çevrildiyini bildirən Tamerlan Qarayev İndoneziyadan hər il Həccə, Ümrəyə milyonlarla insanın getdiyini söyləyib: “Biz o marşrutlardan birinin Bakıdan keçməsinə çalışırıq. Bakı ilə Ciddə arasında təyyarə əlaqəsi yaranır və biz də istəyirik ki, Cakarta ilə Bakı arasında birbaşa hava əlaqəsi yaradılsın. Bununla da xeyli sayda turist cəlb edə biləcəyik”.
Səfir İndoneziyada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı silsilə tədbirlərin keçiriləcəyini deyib.
Xocalı soyqırımından bəhs edən “Sonsuz dəhliz” sənədli filmini İndoneziya dilinə tərcümə etdirdiklərini söyləyən diplomat xaricdə belə filmlərin nümayiş etdirilməsinə böyük ehtiyac olduğunu vurğulayıb.