Səfir: Azərbaycan və Türkiyə mübarizlikləri ilə ortaq maraqlarını, təhlükəsizliklərini qoruyacaqlar
AzerTAg.az
Kiyev, 8 sentyabr, AZƏRTAC
Türkiyənin qardaş ölkə Azərbaycanla münasibətləri strateji səviyyədədir. Çoxtərəfli dostluğumuz yüksəksəviyyəli qarşılıqlı səfərlərlə güclənir və ölkələrimiz bir çox sahələrdə başqalarına nümunə olacaq strateji layihələr həyata keçirirlər.
Bu fikri AZƏRTAC-a məxsusi açıqlamasında Türkiyənin Ukraynadakı səfiri Yağmur Əhməd Güldərə söyləyib.
Səfirin sözlərinə görə, Türkiyə Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünə açıq dəstək göstərir. Türkiyə Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində sülh yolu ilə həllinin tərəfdarıdır.
“İyul ayında Ermənistanın Azərbaycana hücumları ölkəmiz tərəfindən ən yüksək səviyyədə qınanıldı. Türkiyə Xarici İşlər Nazirliyi bununla bağlı verdiyi açıqlamada ölkənin bütün imkanları ilə Azərbaycanın yanında olacağını bəyan edib”, - deyə səfir bildirib.
Diplomat vurğulayıb ki, Türkiyə-Azərbaycan tərəfdaşlığının, dostluğunun qapısı bölgədə sabitlik, sülh və firavanlıq istəyən hər kəsə açıqdır. “İki dövlət, bir millət” şüarını rəhbər tutaraq Azərbaycan və Türkiyənin mübarizlikləri ilə ortaq maraqlarını və təhlükəsizliklərini qoruyacaqlarını, beynəlxalq hüquqa zidd hərəkətlərə qarşı çıxacaqlarını hər kəs bilməlidir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev

Xəbərin mətnində orfoqrafik səhv var