İQTİSADİYYAT


Səfir: Azərbaycanda sərmayə yatırmaq istəyən Türkiyə şirkətləri üçün ideal şərait mövcuddur

Kahramanmaraş, 2 avqust, AZƏRTAC

Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə böyük tikinti və quruculuq işləri həyata keçirilir. Türkiyənin aparıcı şirkətləri bu prosesdə fəal iştirak edirlər.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov Kahramanmaraş Ticarət Sənaye Palatasında (KMTSO) keçirdiyi görüşdə bildirib.

Əvvəlcə KMTSO-nun rəhbəri Şahin Balcıoğlu rəhbərlik etdiyi qurumun imkanları, Azərbaycanla əlaqələr, əməkdaşlığın genişləndirilməsi imkanlarından danışıb.

İşğaldan azad olunan ərazilərin təbii resursları, bu bölgədə həyata keçirilən kommunikasiya və infrastruktur layihələri, Qarabağa Böyük Qayıdış barədə iştirakçıları məlumatlandıran səfir Rəşad Məmmədov diqqətə çatdırıb ki, Azərbaycanda sərmayə yatırmağa istəyi olan Kahramanmaraşın iş adamları və maliyyə yatırımçıları üçün hər cür şərait mövcuddur.

Səfir Rəşad Məmmədov Qarabağdakı şanlı Qələbədən bəhs edən “Zəfər salnaməsi” kitabını KMTSO-nun rəhbəri Şahin Balcıoğluna təqdim edib.

Sonra Kahramanmaraşda tikilməkdə olan “EXPO 2023” İstirahət Parkı Kompleksinə baxış keçirilib. Parkın tikintisi ilə bağlı videotəqdimat olub.

Kahramanmaraş Vilayətinin 12 Şubat rayonunun bələdiyyə sədri Hanefi Mahçiçək parkın quruluşu və tətbiq olunan yeniliklərdən danışıb.

Bələdiyyə sədri diqqətə çatdırıb ki, bu layihədə qarşıda duran başlıca vəzifə işlərin sürətləndirilməsi və keyfiyyətlə aparılmasıdır.

Məlumat verilib ki, Kahramanmaraşın “EXPO 2023” Parkı nümunəvi imkanlara məxsusdur. Belə ki, parkda tikilən ümumi sahəsi 69 min kvadratmetr olan su hövzəsi Avropada və Türkiyədə tikilmiş ən nəhəng süni göldür.

On beş hissədən ibarət olan “EXPO 2023” gələn il altı ay davam edəcək botanika sərgisinin açılışınadək tam istifadəyə veriləcək.

Səfir əminliklə bildirib ki, “EXPO 2023” Parkı və burada keçiriləcək beynəlxalq botanika sərgisi Kahramanmaraş başda olmaqla bölgə vilayətlərinin sosial-iqtisadi həyatının inkişafına müsbət təsir göstərəcək.

Təqdimatdan sonra Azərbaycanın “EXPO 2023” botanika sərgisində bölmə yaratması imkanları nəzərdən keçirilib.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Kahramanmaraş 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.