CƏMİYYƏT
Səfir: Azərbaycanda və Gürcüstandakı dini tolerantlıq digər ölkələr üçün nümunədir
Tbilisi, 16 oktyabr, AZƏRTAC
Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) rəhbərliyi ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Gürcüstanda yaşayan dini icmaların vəziyyəti, dövlət-din münasibətləri, müsəlman dini icmasının mövcud vəziyyəti və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
GMİ-nin şeyxi hacı Ramin İgidov Gürcüstanda dövlət-din və dinlərarası münasibətlər, müsəlman icmasının vəziyyəti barədə ətraflı məlumat verib. İdarənin bir çox xarici ölkələrdəki dini təşkilat və mötəbər qurumlarla əməkdaşlıq etdiyini vurğulayıb. Bildirib ki, Gürcüstan dövləti digər dinlərlə yanaşı, sağlam İslam dininin yaşaması üçün GMİ-yə xüsusi diqqət, dəstək və qayğı göstərir.
Ramin İgidov Azərbaycan üçün dua etdiklərini vurğulayıb, şəhid olan əsgərlərimizə və mülki şəxslərə rəhmət, ailələrinə səbir diləyib.
Səfir Faiq Quliyev Gürcüstanda Azərbaycan dövlətinə və Ordusuna verilən dəstəyə görə minnətdarlığını bildirib. Qeyd edib ki, Azərbaycan dövləti Gürcüstanda yaşayan soydaşlarımızın, bu ölkənin İslam dininə etiqad edən insanlarının dəstəyini yüksək qiymətləndirir. Dövlətimiz onlara hər zaman diqqət və qayğı göstərib, bu dəstək bu gün də davam edir.
Azərbaycanda və Gürcüstanda dini tolerantlığın yüksək səviyyədə olduğunu vurğulayan diplomat bunun digər ölkələr üçün əsl nümunə olduğunu bildirib.
Söhbət zamanı iki qonşu, qardaş, strateji müttəfiq ölkənin bütün sahələrdə olduğu kimi, dini sahədə də əməkdaşlığının vacibliyi vurğulanıb.
Görüşdə səfirliyin birinci katibi Anar Rəsulov, GMİ-nin Şərqi Gürcüstan üzrə müftisi vəzifəsini icra edən hacı Ayvaz Mərdanov, idarənin Ali Dini Şurasının üzvü hacı Faiq Nəbiyev və əməkdaşı Oktay İsayev iştirak ediblər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi