İQTİSADİYYAT


Səfir: Bəhreyndən sərmayə cəlbi üçün Azərbaycanda geniş imkanlar var

Qahirə, 27 aprel, AZƏRTAC

Böyük iqtisadi potensialı olan Azərbaycanda Bəhreyndən olan iş adamlarının ölkəmizin kənd təsərrüfatı və sənaye sektorunda şirkətlər yaratması üçün geniş imkanlar mövcuddur. Eyni zamanda, Bəhreynlə birbaşa aviareyslərin bərpa edilməsi istiqamətində iş aparılır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Bəhreynin “Əl Əyam” qəzetinə müsahibəsində ölkəmizin Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayev deyib. O əlavə edib ki, postpandemiya dövründə səyahət məhdudlaşdırılmaları aradan götürüldükdən sonra Azərbaycan Körfəz ölkələrindən, o cümlədən Bəhreyndən turistləri qəbul etmək üçün sağlamlıq və gigiyena şəraitinin ən yüksək səviyyəyə çatdırılması istiqamətində tədbirlər həyata keçirir.

Diplomat diqqətə çatdırıb ki, son illər Azərbaycanda turizm sektoru sürətli inkişaf mərhələsi keçib. Pandemiyadan əvvəl Körfəz ölkələrindən turist axını daha da güclənib, birbaşa aviareyslər açılıb, viza prosedurları sadələşdirilib. Hazırda ölkəmizə turistlərin qayıtması istiqamətində tədbirlər görülür. Bu kontekstdə COVID-19 virusuna yoluxmanın minimum həddə endirilməsi və pandemiyaya tam nəzarətə nail olunması üzrə işlər aparılır. Azərbaycanda vaksinasiya prosesi də sürətlə davam edir.

“Azərbaycanın turizm sektoru Körfəz ölkələri üçün cazibədardır və düşünürəm ki, tezliklə turistlərin ölkəmizə qayıtması təmin ediləcək”, - deyə səfir vurğulayıb.

Ş.Abdullayev deyib ki, Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının müvafiq tövsiyələri və qlobal turizm sektorunun bərpasından sonra turistləri qəbul etməyə hazır olacaq.

Bəhreyn və digər Körfəz ölkələrindən sərmayələrin cəlb edilməsi barədə sualı cavablandıran səfir qeyd edib ki, bu sahədə xeyli iş görülüb. Bu yaxınlarda sərmayəçilərə geniş imkanlar yaradılacaq sənaye və kənd təsərrüfatı rayonları müəyyən edilib. Bundan başqa, texnologiyaların tətbiqi, süni intellekt sahələrinə sərmayələr qoyulmasına da xüsusi diqqət yetirilir, ölkədə “ağıllı şəhərlər” yaradılması planlaşdırılır.

Səfir diqqətə çatdırıb ki, Bəhreyn Krallığında rəsmi şəxslər və kommersiya sektorunun nümayəndələri ilə görüşlərə də başlanılıb, iqtisadi forumun təşkili məsələsi nəzərdən keçirilir. O əlavə edib: “Hazırda iqtisadi layihələrin işlənib hazırlanması mərhələsindəyik. Bu layihələr Bəhreyn və digər Körfəz ölkələrinin sərmayəçilərinə Azərbaycanda kənd təsərrüfatı və sənaye sahələrinə əlverişli şərtlərlə, həmçinin vergilərdən azad edilməklə investisiya qoymağa şərait yaradacaq. Bəhreynin iş adamları üçün ölkəmizdə geniş imkanlar və stimullar yaradılacaq”.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.