QAN YADDAŞI
Səfir: Dinc insanların qətlə yetirilməsi faktlarının unudulmaması üçün “Xocalıya ədalət!” kampaniyasının davam etdirilməsi çox vacibdir VİDEO
Paris, 25 fevral, AZƏRTAC
Azərbaycanın Fransadakı səfirliyi və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Gənclər Forumunun birgə təşkilatçılığı ilə Parisdə səfirliyin Mədəniyyət Mərkəzində Xocalı soyqırımı qurbanlarının xatirəsi anıldı. Tədbir çərçivəsində beynəlxalq ictimaiyyətə təqdimat, videolar vasitəsilə ciddi mesajlar ötürüldü. Azərbaycan torpaqlarının 20 faizi hələ də işğal altındadır. Torpaqların işğalı, dinc insanların qətlə yetirilməsi faktlarının unudulmaması və gələcək nəsillərə ötürülməsi üçün belə fəaliyyətlər, “Xocalıya ədalət!” kampaniyasının davam etdirilməsi çox vacibdir.
Bu fikirləri Türkiyənin Fransadakı səfiri İsmail Hakkı Musa AZƏRTAC-a açıqlamasında deyib.
“Parisdə azərbaycanlı qardaşlarımızla “bir millət, iki dövlət” prinsipi ilə fəaliyyətimizi qururuq. Azərbaycan səfirliyinin bütün tədbirlərinə qoşuluruq, eləcə də Azərbaycan səfirliyi bizim tədbirlərə daim qatılır. Bugünkü “Xocalıya ədalət!” kampaniyası çərçivəsində təşkil edilmiş anım tədbiri çox yaxşı hazırlanması ilə diqqətimi cəlb etdi. Həmin gecə törədilmiş qətliamı faciənin şahidlərinin dilindən eşitmək böyük əhəmiyyət kəsb edir. Bu çox yaxşı düşünülüb. Əminəm ki, hadisələri məhz şahidlərin dilindən eşitmək insanların hafizəsində dərin izlər buraxacaq, heç vaxt unudulmayacaq”, - deyə diplomat vurğulayıb.
O, tədbirin təşkilatçılarından birinin İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Gənclər Forumunun olmasını alqışladığını bildirib. Bu, Xocalı qətliamının beynəlxalq aləmdə tanınmasına geniş bir perspektiv qazandırır.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris