Səfir: Ermənistanın işğalçı qüvvələri Azərbaycan ərazilərini tərk etməlidir
AzerTAg.az

Tbilisi, 5 oktyabr, AZƏRTAC
Cəbhə xəttində, eləcə də Ermənistan-Azərbaycan sərhədində baş verənlərə, bir sözlə, hazırkı eskalasiyaya səbəb Ermənistanın növbəti hərbi təxribatı olub. Hazırda Azərbaycan Ordusu beynəlxalq ictimaiyyət tərəfindən tanınan ərazilərində işğal altındakı torpaqların azad olunması uğrunda savaşır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev “Kviris Palitra” qəzetinə müsahibəsində söyləyib.
Səfir deyib ki, Ermənistan 30 ildir Azərbaycana qarşı təcavüzkar və işğalçı siyasət aparır.
Bu gün onlar ağır texnikalardan yalnız Azərbaycanın hərbi mövqelərinə deyil, mülki əhaliyə də atəş açırlar. Nəticədə dinc əhali arasında ölənlər var ki, onların da bir neçəsi uşaqlardır. Bundan başqa, yaşayış evləri və binaları, mülki infrastruktura ziyan dəyib ki, onların heç birinin cəbhə ilə əlaqəsi yoxdur.
“Artıq tarixi ədaləti bərpa etməyin vaxtı yetişib. Ermənistanın işğalçı qüvvələri Azərbaycan ərazilərini tərk etməlidirlər. Hazırda işğalçı ordu Azərbaycanın Silahlı Qüvvələri tərəfindən layiqli cavabını alır”, – deyə F.Quliyev vurğulayıb.
Səfir Gürcüstanın Baş Naziri Giorgi Qaxariyanın münaqişə tərəflərinin Tbilisidə görüşünün təşkili ilə bağlı təklifinə də münasibət bildirib. O deyib: “Əgər Ermənistan hərbi qoşunlarını Azərbaycan ərazisindən çıxarsa, biz danışıqlara hazırıq. Bu, həm Azərbaycan xalqının iradəsi, həm də dövlətin mövqeyidir”.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Xəbərin mətnində orfoqrafik səhv var