SİYASƏT


Səfir Fikrət Axundov niderlandlı parlamentari ilə görüşüb

Haaqa, 24 aprel, AZƏRTAC

Azərbaycanın Niderland Krallığındakı səfiri Fikrət Axundov bu ölkənin parlamentində ən böyük və hazırda koalisiya hökumətinin tərkibində olan “Azadlıq və Demokratiya naminə Xalq Partiyası”nın xarici əlaqələr, müdafiə və Avropa məsələləri üzrə deputatı Ruben Brekelmans ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüş Azərbaycan səfirliyində keçirilib. Görüşdə səfir F. Axundov niderlandlı parlamentariyə Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkar siyasət haqqında məlumat verib. Birinci Qarabağ müharibəsi nəticəsində 1 milyona yaxın azərbaycanlının doğma yurdlarından didərgin salınmasından, Azərbaycanın ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğal edilməsindən, II Qarabağ müharibəsi zamanı işğal edilmiş ərazilərin Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Müzəffər Ordumuz tərəfindən azad edilməsindən danışıb. Azad edilmiş ərazilərimizin erməni separatçıları tərəfindən darmadağın edilməsindən, bu ərazilərin ermənilər tərəfindən kütləvi şəkildə minalanmasından bəhs edib.

Səfir vurğulayıb ki, Niderland parlamentində Azərbaycan əleyhinə qəbul edilmiş 14 qərəzli, əsassız və həqiqətə əsaslanmayan qətnamə regionda sülh prosesinə xidmət etmir. O, R. Brekelmansa təmsil etdiyi partiyanın digər partiyalarla münasibətdə ölkəmizə qarşı daha balanslı siyasət yürütməsinə görə təşəkkür edib. F.Axundov niderlandlı millət vəkilini və onun digər siyasi partiyalardan olan həmkarlarını Azərbaycana səfərə və bu səfər çərçivəsində azad edilmiş ərazilərdə Ermənistanın törətdiyi dağıntıları öz gözləri ilə görməyə dəvət edib.

Niderlandlı millət vəkili ölkəmizin multikulturalizm ənənələri, mədəniyyəti və iqtisadiyyatı, regionda həyata keçirilən layihələr, eləcə də azad edilmiş ərazilərdə yenidən qurma işləri ilə bağlı ətraflı məlumatlandırılıb.

Azərbaycana dəvətə görə səfirə təşəkkürünü bildirən R. Brekelmans Niderland Parlamentində Azərbaycan əleyhinə səsləndirilən iddialar ilə bağlı Azərbaycan tərəfinin də mövqeyinin öyrənilməsinin vacib olduğunu qeyd edib. R. Brekelmans münaqişənin həlli yolu, Niderlandın bu prosesdə mümkün rolu, Cənubi Qafqazın gələcəyi ilə bağlı Azərbaycan səfiri ilə geniş fikir mübadiləsi aparıb.

Görüşün sonunda R. Brekelmansa holland dilində çap edilmiş “Azərbaycan nağılları” kitabı təqdim edilib.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Haaqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.