CƏMİYYƏT
Səfir: İran və Azərbaycan gəncləri arasında əlaqələr ölkələrimizin münasibətlərinin inkişafına töhfə verir
Tehran, 23 aprel, AZƏRTAC
İran və Azərbaycan gəncləri arasındakı əlaqələr ölkələrimizin münasibətlərinin inkişafına təkan verir.
AZƏRTAC xəbər verir ki, bu sözləri İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə deyib. Ötən həftə bir qrup iranlı gəncin Azərbaycana etdiyi səfərin yekunlarını dəyərləndirən səfir bildirib ki, gənclər iki dost və qardaş dövlət olan İran ilə Azərbaycanın əlaqələrini daha da inkişaf etdirəcəklər.
Diplomat vurğulayıb ki, dini, tarixi, mədəniyyəti, adət-ənənələri ortaq olan xalqlarımız İran və Azərbaycan prezidentlərinin siyasi iradəsi nəticəsində dostlaşıb, qardaşlaşıb. Gənclər də gələcəkdə bu siyasi xətti davam etdirərək mehriban münasibətləri qorumalıdırlar.
İranlı gənclərin Azərbaycanda faydalı görüşlər keçirdiklərini bildirən diplomat deyib ki, yaxın gələcəkdə Azərbaycandan da bir qrup gəncin İrana səfəri gözlənilir.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran