SİYASƏT
Səfir: Misir-Azərbaycan əlaqələri yüksək səviyyədədir
Bakı, 27 iyul, AZƏRTAC
Yaxın gələcəkdə Misir Afrika Ölkələri Liqasına, Azərbaycan isə Qoşulmama Hərəkatına sədrlik edəcək. Bu, ölkələrimizə bir-birini daha fəal şəkildə dəstəkləmək imkanı verəcək.
AZƏRTAC xəbər verir ki, bunu Misirin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Adel İbrahim Ahmed İbrahim iyulun 27-də keçirdiyi mətbuat konfransında deyib.
Diplomat bildirib ki, Misir ilə Azərbaycan arasındakı əlaqələr yüksək səviyyədədir, lakin münasibətlərimizin daha da inkişafı üçün böyük potensial mövcuddur. Azərbaycan ilə Misir arasında yüksək səviyyəli qarşılıqlı səfərlərin təşkili gözlənilir və bu səfərlərin reallaşması üçün işlər görülür.
Cari ilin fevralında Qahirədə Azərbaycan-Misir Hökumətlərarası Komissiyasının iclasının keçirildiyini xatırladan səfir qeyd edib ki, ölkələrimiz arasında iqtisadi əlaqələr həmin iclasda imzalanmış sənədlər əsasında inkişaf etdirilir.
Azərbaycan-Misir siyasi əlaqələrinin genişləndirildiyini bildirən diplomat deyib ki, digər sahələrdə də münasibətlərin daha da inkişafı üçün işlər görülür. Turizm sahəsində əməkdaşlıq hər iki ölkə üçün xüsusi önəm daşıyır.
Diplomat Misirdəki daxili siyasi vəziyyətlə bağlı məlumat verərək qeyd edib ki, hazırda ölkədə sabitlik hökm sürür. Misir terrorçulardan tamamilə təmizlənib, ölkədə sabitlik və təhlükəsizlik mövcuddur.