İQTİSADİYYAT
Səfir Orelia Buşez: Fransız şirkətləri Azərbaycana yeni investisiyalar yatıra bilər VİDEO
Quba, 3 fevral, Elxan Yusifli, AZƏRTAC
Dünyada neftin qiymətinin kəskin aşağı düşməsi müəyyən ölkələrdə iqtisadi vəziyyəti dəyişir. Bunun Azərbaycana da iqtisadi təsirləri var. Azərbaycan hökuməti iqtisadiyyatı şaxələndirmək istiqamətində işlər görərək, bu problemlərin öhdəsindən cəsarətlə gəlir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Orelia Buşez Qubada jurnalistlərin suallarını cavablandırarkən söyləyib.
Səfir Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi istiqamətində kifayət qədər imkanların olduğunu deyib. Xüsusilə kənd təsərrüfatı, turizm, nəqliyyat və digər sahələrin potensialı vurğulanıb. Xanım Orelia Buşez müsahibəsində bu sahələr üzrə Azərbaycan ilə Fransa arasında əməkdaşlığın mövcud olduğunu və ölkəsinin Azərbaycana investisiyalar qoyduğunu diqqətə çatdırıb.
O, bir sıra fransız şirkətlərinin Azərbaycanda mövcud olan investisiyalarının həcmini artırmaq istədiklərini, eyni zamanda, yeni şirkətlərin də investisiya yatıra biləcəyini vurğulayıb.