Səfir Vuong Thua Phong: Vyetnam xalqı Heydər Əliyevi yaxın dost kimi xatırlayır
AzerTAg.az
Vyetnamın veteran diplomatı Vuonq Thua Ponq görkəmli dövlət xadimi Heydər Əliyevin vəfatının ildönümündə onunla bağlı xatirələrini yazıb. AZƏRTAC həmin yazını təqdim edir.
Heydər Əliyevlə bağlı xatirələrim
Heydər Əliyevdən danışarkən, şübhəsiz ki, mən də daxil olmaqla, bir çox vyetnamlılar onu Vyetnamın yaxın dostu kimi xatırlayır və şəxsiyyətinə dərin hörmətlə yanaşır.
Mən Sovet İttifaqında universitetdə təhsil aldığım zaman, sonra isə Vyetnamın Moskvadakı səfirliyində diplomatik fəaliyyətimin ilk illərində Azərbaycan SSR-in rəhbəri, həmçinin Sovet İttifaqının aparıcı liderlərindən biri olan Heydər Əliyev haqqında çox oxudum və eşitdim. Xüsusilə, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, Sovet İttifaqı Nazirlər Sovetinin Sədrinin birinci müavini vəzifəsində çalışaraq H.Əliyev o dövrdə Le Duan, Truonq Chinh, Fam Van Donq, Do Muoi... kimi Vyetnam rəhbərləri ilə çox sıx əlaqələr qurmuşdur. O, Vyetnam ilə xüsusi münasibətlərin möhkəmlənməsinə, dostluğunun və hərtərəfli Vyetnam-Sovet İttifaqı əməkdaşlığının möhkəmlənməsinə böyük töhfələr vermişdir.
Heydər Əliyevin Vyetnama tarixi səfəri haqqında
İlk dəfə Heydər Əliyevlə 1983-cü il noyabr ayının əvvəlində tanış oldum. O vaxt Sovet İttifaqı Partiyası və Hökumətinin nümayəndə heyətinin rəhbərinə Kommunist Partiyasının Siyasi Bürosunun üzvü, Sovet İttifaqı Nazirlər Soveti sədrinin birinci müavini yoldaş Heydər Əliyevin Vyetnama rəsmi səfəri zamanı xidmət etmək mənə tapşırıldı. Bu missiyanı Xarici İşlər Nazirliyinə yenicə qəbul olmuş bir gənc mütəxəssisə tapşırılmasını özüm üçün böyük şərəf və məsuliyyət hesab etmişdim. Yadımdadır ki, o vaxt Sovet İttifaqı nümayəndə heyətinə N.Rıjkov və ilk qadın astronavt V.Tereşkova daxil idilər. Bu, Vyetnamın birləşməsindən sonra ölkəni ziyarət edən ən yüksək səviyyəli Sovet nümayəndə heyəti idi. Nümayəndə heyəti Hanoyda keçirilən rəsmi danışıqlarla yanaşı, Sovet İttifaqı tərəfindən həyata keçirilən böyük tikinti layihələri ilə tanış olmuşdur. Heyət yerli əhali tərəfindən hər zaman qardaş kimi hərarətlə qarşılanırdı. O dövrdə Hanoy ilə digər əyalətlər arasında nəqliyyat çox çətin idi. Pha Laiyə getmək üçün bərə ilə getməli idik. Lakin o dövrdə Vyetnamın ən böyük elektrik stansiyası olan Pha Lai istilik elektrik stansiyasının açılış mərasimində iştirak etmək üçün nümayəndə heyətinin rahat və sürətli keçməsi üçün həmin gün Vyetnam ordusu bir ponton körpü qurmuşdur.
Vyetnama səfəri zamanı ən əlamətdar hadisə kimi Heydər Əliyevin Vyetnamın Nazirlər Soveti Sədrinin müavini Do Muoi ilə birlikdə Thanq Lonq körpüsünün açılış mərasimində iştirak etməsidir. Bu, Sovet İttifaqının əvəzsiz köməyi ilə inşa edilən əsas layihə idi.
Heydər Əliyev ziyarət zamanı bu layihə ilə çox maraqlandı və onun keyfiyyəti ilə bağlı bir çox sual verdi. O, Sovet İttifaqından olan baş mütəxəssis tərəfindən körpü tikintisində ən yaxşı texnologiya və materiallardan istifadə edildiyi, əksər komponentlərin Sovet İttifaqı zavodlarında istehsal edilərək göndərildiyi barədə məlumat verildiyindən məmnun qalmışdır. Yadımdadır, o vaxt sovet mütəxəssisi körpünün xidmət müddətini ən az 150 il qiymətləndirmişdi. O dövrdə Hanoy və Şimali Vyetnamın sosial-iqtisadi inkişafı üçün Thanq Lonq körpüsünün açılışı son dərəcə əhəmiyyət kəsb edirdi.
Heydər Əliyev Vyetnam Prezidenti Truonq Chin ilə
1984-cü ilin fevralında Sovet rəhbəri Yuri Andropov ağır xəstəlik üzündən vəfat etdi. Sovet İttifaqı Moskvaya dəfn mərasimində iştirak etmək üçün Vyetnam, Laos və Kambocadan gələn nümayəndə heyətləri üçün Hanoya təyyarə göndərmişdir. Partiyamızın və dövlətimizin nümayəndə heyətinə Prezident Truonq Chin rəhbərlik edirdi. Nümayəndə heyətinə xarici işlər naziri Nquyen Co Thaç da daxil idi. Laos heyətinə dövlət başçısı Suphanouvonq və Kamboca heyətinə Henq Somrin rəhbərlik edirdi. Hər iki qrup Moskvaya uçmaq üçün Vyetnam heyəti ilə birlikdə təyyarəyə minmək üçün əvvəlcə Hanoya gəlmişdi. Sovet İttifaqı xarici işlər nazirinin müavini Kapitsa Hanoydan Moskvaya gələn heyətləri müşayiət edirdi. Prezident Truonq Chin tərəfindən hər üç qrupa tərcümə etmək üçün seçildiyimdən qürur duyurdum.
Vnukovo hava limanına gələn Heydər Əliyev Sovet rəhbərliyi adından hər üç nümayəndə heyətini qarşılamaq üçün təyyarənin trapına yaxınlaşdı. Heyət rəhbərlərini salamladıqdan sonra Heydər Əliyev Prezident Truonq Chini öz avtomobilinə oturmağa dəvət etdi və birbaşa Lenin Zirvəsində yerləşən Mərkəzi Qonaq evinə - 57-ci villaya yola düşdü. O gün iki lider arasında Andropovun dəfn mərasimi, Sovet İttifaqının yeni baş katibi K.Çernenko haqqında, həmçinin Vyetnam-Sovet münasibətləri mövzusu ətrafında çox vacib fikir mübadiləsi aparmağa kömək etdim.
Moskvadakı mərasim bitdikdən sonra hər üç qrup sovet təyyarələri ilə Hanoya qayıtdı. Heydər Əliyev vidalaşmaq üçün Villa 57-yə gəlmişdi və çay dəstgahından sonra Prezident Truonq Chini Vnukovo hava limanına yola saldı. Yoldaş Əliyev Sovet İttifaqı adından Prezident Truonq Chin və ailəsini həmin yay Krımı ziyarət edərək orada işini davam etdirmək və istirahət etməyə dəvət etdi. Prezident Truonq Chin təşəkkürünü izhar edərək məmnuniyyətlə dəvəti qəbul etdi.
Baş katib Le Duan ilə hekayə 1986-cı ilin qışında
1986-cı ilin qışında Sovet İttifaqı Kommunist Partiyası 27-ci qurultayını keçirdi və yoldaş Le Duanın rəhbərlik etdiyi Vyetnam heyəti konqresdə iştirak edirdi. O zaman yoldaş Le Duanın səhhəti pisləşmişdi və o, müalicə almaq üçün öncədən Moskvaya getmişdi. Qurultay günü yaxınlaşırdı və sovet tərəfi Vyetnam nümayəndə heyətini qarşılamaq üçün bir tədbir təşkil etmişdi. Tədbir yoldaş Əliyevin rəhbərliyi ilə diqqətlə və məharətlə Villa 57 ərazisində təşkil olunmuşdu. Xəbərləri və şəkilləri izləyəndə hər kəs Vnukovo hava limanında baş tutduğunu düşünürdü.
Bu xüsusda mən yoldaş Le Duanın 1981-ci ildə Sovet İttifaqı Kommunist Partiyasının 26-cı qurultayında iştirak etmək məqsədilə Azərbaycana səfəri barədə də bir çox hekayə eşitmişdim. O dövrdə Heydər Əliyev respublikanın Birinci katibi idi, Moskvadakı qurultayın işi ilə çox məşğul olmasına baxmayaraq, Vyetnam nümayəndə heyətini qarşılamaq və qəbul etmək üçün yenidən Bakıya uçmuşdu. Qohumlar arasındakı səmimi sevinc şəraitində Heydər Əliyev yoldaş Le Duan ilə görüşdə hələ də xatırladığım gülməli bir əhvalat danışdı. Söhbət uzunömürlü insanların sirrindən gedir. Azərbaycan bir çox insanın 100 ildən çox yaşayan ölkə kimi tanınır. Heydər Əliyev dedi ki, uzunömürlü bir şəxsin evini ziyarət edərkən onlardan sağlam olmağın və bu qədər uzun yaşamağın sirri ilə maraqlanıbmış. Həmin adam deyib ki, həyatını normal pəhriz saxlayaraq, işlərini istirahət ilə keçirərək, heç bir dərman qəbul etmədən və xüsusi idman hərəkətləri olmadan davam etdirirlər. Onlar (uzunömürlülər) görüşlərə nadir hallarda qatıldıqlarını və bir çoxunun heç iclasa getmədiklərini deyiblər və o nəticəyə gəliblər ki, uzun bir ömrün sirri işgüzar görüşlərdən çəkinməkdir!
Dərin hörmət və minnətdarlıqla yuxarıdakı hekayələrdən bəzilərini paylaşaraq oxucuların Heydər Əliyevin şəxsiyyətindən və karyerasından, xüsusən onun yoldaşlığından, Vyetnama həmişə dostluq münasibəti bəslədiyi haqqında daha çox məlumat əldə etmələrinə kömək etmək istəyirəm. Eyni zamanda, davamlı həmrəylik və ənənəvi dostluq yeni dövrdə Vyetnam və Azərbaycan arasında çoxtərəfli əməkdaşlığın və əlaqələrin inkişafı üçün möhkəm təməldir.








Xəbərin mətnində orfoqrafik səhv var