SİYASƏT


Səfir: Yunanıstan Azərbaycanla münasibətlərin inkişafına böyük əhəmiyyət verir

Bakı, 19 oktyabr, AZƏRTAC

Oktyabrın 19-da Milli Məclisin sədri Sahibə Qafarova Yunanıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperiqkos ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Milli Məclisin sədri görüşdə iki ölkə arasında siyasi, iqtisadi, humanitar sahələrdə mövcud olan münasibətlər haqqında fikirlərini bildirib. O, əlaqələrin inkişafında qanunverici orqanların rolundan danışaraq, hər iki ölkənin parlamentlərində dostluq qruplarının fəaliyyət göstərdiyini qeyd edib.

Sahibə Qafarova səfirə Azərbaycanın ötən il 44 günlük Vətən müharibəsində qazandığı Zəfər və regionda yeni yaranmış şərait haqqında geniş məlumat verib. Parlament sədri diqqətə çatdırıb ki, 2020-ci ildə Azərbaycan Ordusu Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı torpaqlarımızı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə azad edərək ölkəmizin ərazi bütövlüyünü bərpa edib. Azərbaycan bununla həm də öz gücü hesabına BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini yerinə yetirib.

Qarabağ münaqişəsinin artıq tarixə çevrildiyini və ölkəmiz üçün yeni mərhələnin başlandığını bildirən Milli Məclisin sədri qeyd edib ki, hazırda Azərbaycan Ermənistanın işğalı dövründə tamamilə dağıdılmış Vətən müharibəsində işğaldan azad edilmiş bütün ərazilərimizi bərpa edir, yenidən qurur. O vurğulayıb ki, Azərbaycan regionda sülh və təhlükəsizliyin təmin olunmasının tərəfdarıdır. Azərbaycan əməkdaşlığa açıq, multikultural ölkədir.

Görüşə görə minnətdarlığını bildirən səfir Nikolaos Piperiqkos Azərbaycanın müstəqilliyinin bərpasının 30-cu ildönümü münasibətilə təbriklərini çatdırıb. Səfir ölkəsinin Azərbaycanla münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyini bildirib və parlamentlərin bu prosesdə iştirakının mühüm əhəmiyyət daşıdığını qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.