SİYASƏT
Səfirlik David Babayanın Rusiyaya səfəri ilə bağlı xəbərlərə aydınlıq gətirib
Moskva, 28 iyun, AZƏRTAC
Özünü “Artsax Respublikasının xarici işlər naziri” kimi təqdim edən David Babayanın iyunun 21-27–də Rusiyaya “işgüzar səfər” etməsi və burada bir sıra görüşlər keçirməsinə dair erməni KİV-də yayılmış xəbərlərlə bağlı səfir Polad Bülbüloğlu Rusiya Federasiyasının səlahiyyətli orqanlarına sorğu ilə müraciət edib.
Səfirlikdən Rusiya tərəfindən daxil olmuş rəsmi məlumata əsasən AZƏRTAC-a bildiriblər ki, yuxarıda adı çəkilən şəxs göstərilən tarixlərdə Rusiya ərazisində şəxsi məqsədlərlə olub, onun “işgüzar səfər” etməsi barədə yayılan xəbərlər həqiqəti əks etdirmir. Onun Moskvada keçirdiyi bütün görüşləri şəxsi xarakter daşıyıb və Rusiyanın heç bir rəsmi şəxsi onunla görüşməyib.
Səfirlik bir daha vurğulayır ki, belə “səfərlər” barədə yayılan xəbərlər təxribat xarakterlidir və ictimaiyyəti çaşdırmaq və Azərbaycan-Rusiya əməkdaşlığına kölgə salmaq məqsədi daşıyır. Diplomatik nümayəndəlikdə xatırladıblar ki, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əsilli şəxslər Rusiya ərazisinə Ermənistan Respublikasının pasportu ilə daxil olurlar.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva