SİYASƏT
Səfirlik : Böyük Britaniya Azərbaycanın Londondakı səfirliyinə daxil olan etirazçıların hərəkətlərini pisləyir
Bakı, 5 avqust, AZƏRTAC
Böyük Britaniyanın Azərbaycandakı səfirliyi avqustun 5-də ölkəmizin Londondakı səfirliyində baş verən insidentlə bağlı açıqlama yayıb.
Səfirlikdən AZƏRTAC-a bildirilib ki, Böyük Britaniya Azərbaycanın Londondakı səfirliyinə daxil olan etirazçıların hərəkətlərini pisləyir və hazırda bu məsələ ilə bağlı hərtərəfli araşdırma aparır. Polis binanın içərisindəki səfirliyin əməkdaşlarını təhlükəsiz şəkildə təxliyə edib, daha sonra etirazçıları oradan uzaqlaşdırıb, 8 nəfər həbs edilib.
Böyük Britaniya ölkədəki diplomatik nümayəndəliklərin qorunmasına zəmanət vermək öhdəliyinə ciddi yanaşır və polis müvafiq təhlükəsizlik tədbirlərinin görülməsini təmin etmək üçün Azərbaycan səfirliyi ilə əlaqə saxlayır.