Səfirliyə hücum ekstremist radikal qrupların Azərbaycanın diplomatik missiyasına elan etdiyi müharibədir
AzerTAg.az

Bakı, 28 yanvar, AZƏRTAC
Son illər Azərbaycanın Britaniyadakı, Fransadakı səfirliklərinə, ABŞ-dakı diplomatik missiyamızın xidməti avtomobilinə, indi isə İrandakı səfirliyimizə təşkil olunan hücumlar bütün dünyada ekstremist radikal qrupların Azərbaycanın diplomatik missiyasına qarşı elan etdiyi müharibədir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Gənc Demokratlar İnstitutu İctimai Birliyinin sədri politoloq Yeganə Hacıyeva deyib.
Politoloq qeyd edib ki, bu müharibə müxtəlif bölgələrdə - Avropada, Yaxın Şərqdə və Amerikada gedir. İranda Azərbaycan səfirliyinə hücumla bağlı müşahidələr onu deməyə əsas verir ki, bu hadisələrin İran təhlükəsizlik qüvvələrinin və orqanlarının birgə əməliyyatıdır. Hücumun “xeyir-duası” da İran dini dairələrindən gəlib.
Y.Hacıyeva deyib ki, daha əvvəl Birləşmiş Krallıqdakı səfirliyimizə hücumu da Yaxın Şərqdən olan müsəlman dini radikal qruplar tərəfindən həyata keçirilsə də, daha sonrakı araşdırmalar bu hücumun yenə də İranın radikal qruplarla birgə demarşı olduğunu göstərdi.
"Əvvəlki terror aktlarında Azərbaycan dövləti ölkənin diplomatik nümayəndəliklərinə, diplomatlarına, nəqliyyat vasitələrinə və mülkiyyətinə hücumlara qarşı həmin dövlətin rəhbərliyi qarşısında onların beynəlxalq konvensiyalarla bağlı öhdəliklərinə daha ciddi əməl etmələri ilə bağlı çağırış edib. Diplomatik nümayəndəlik dövlətin başqa bir dövlətin ərazisində yerləşən, həmin dövlətlə diplomatik münasibətləri həyata keçirən orqanı kimi iki dövlət arasında razılaşmaya əsasən fəaliyyət göstərir. Bu razılaşmanın əldə olunması həmin dövlətlər arasında diplomatik münasibətlərin qurulması ilə eyni vaxta düşür.
Dövlətləri beynəlxalq ünsiyyətdə təmsil edən dövlət orqanlarının statusunu və funksiyalarını, həmçinin mühafizəsini tənzimləyən beynəlxalq hüquq normaları var. BMT-nin imtiyaz və immunitetləri haqqında 1946-cı il Konvensiyası, həmçinin ixtisaslaşdırılmış imtiyaz və immunitetləri haqqında 1947-ci il Konvensiyası diplomatik müəssisələrin, binaların və diplomatların mühafizəsini özündə ehtiva edir və bu kimi hallarda məsuliyyət ev sahibi dövlətlərin öhdəliyidir. Beynəlxalq praktikada diplomatik nümayəndəliklərin bütün təsisatları, istər ən yüksək səviyyəli diplomatik nümayəndəliklər hesab olunan səfirliklər, istər missiyalar, istərsə də konsulluqlar bu iki konvensiyaya əsasən müdafiə olunur. Bu sahəyə ənənəvi səfirliklər və konsulluqlardan əlavə, dövlətlərin beynəlxalq təşkilatlardakı nümayəndəlikləri, təntənəli tədbirlərdə, danışıqlar aparılmasında iştirak etmək üçün digər ölkələrə göndərilən xüsusi missiyalar, beynəlxalq təşkilatların əməkdaşları da aiddir. Bu şəxslərin də təhlükəsizliyi imtiyaz və immunitetlərini nizama salan normalar diplomatiya və konsulluq hüququ ilə tənzimlənir", - deyə politoloq qeyd edib.
Y.Hacıyeva, həmçinin diqqətə çatdırıb ki, diplomatiya və konsulluq hüququnun əsas mənbələri kimi beynəlxalq müqavilə və minilliklərə dayanan beynəlxalq hüquqi adətlər çıxış edir. İkinci Dünya müharibəsindən sonrakı illərdə bu normalar bir neçə universal konvensiya şəklində komplektləşdirildi. Diplomatik nümayəndəliklər öz funksiyalarını normal həyata keçirmək üçün qəbul edən dövlətin nəzarətindən kənarda olmalıdırlar.
Nümayəndəliyin binaları, onların içərisindəki əmlak, habelə nəqliyyat vasitələri toxunulmazdır, diplomatik nümayəndəliyin binalarını istənilən müdaxilədən və ya zərər yetirilməsindən qorumaq, nümayəndəliyin rahatlığının hər cür pozulması hallarının və ya onun ləyaqətinin təhqir edilməsinin qarşısını almaq üçün onun yerləşdiyi dövlət bütün müvafiq tədbirləri görməlidir.
Politoloq sonda bildirib ki, səfirliyimizə hücumla bağlı İran tərəfindən tirajlanan dezinformasiyaların biri - hadisəni törədən şəxsin erməni olması da izi azdırmaq cəhdidir.
Xəbərin mətnində orfoqrafik səhv var