CƏMİYYƏT
Səhər və axşam Abşeron yarımadasının bəzi yerlərində yağış yağacağı ehtimalı var
Bakı, 9 oktyabr, AZƏRTAC
Azərbaycanda oktyabrın 10-na gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Əsasən səhər və axşam yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-12°, gündüz 16-18° isti olacaq. Atmosfer təzyiqi 770 millimetr civə sütunu, nisbi rütubət 60-70 faiz təşkil edəcək.
Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, oktyabrın 10-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi şərq rayonlarında yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 9-13°, gündüz 16-20° isti, dağlarda gecə 4-6°, gündüz 11-13° isti olacağı ehtimal edilir.
Naxçıvan şəhərində, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-8°, gündüz 19-24° isti olacaq.
Xankəndi şəhərində, Şuşa, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 1-6°, gündüz 6-10° isti olacağı proqnozlaşdırılır.
Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə havanın yağıntılı olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 1-6°, gündüz 6-10° isti, dağlıq ərazilərdə 0-3° şaxta, gündüz 0-3° isti olacağı bildirilir.
Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Füzuli rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 7-11°, gündüz 15-18° isti olacağı ehtimal edilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi şərq rayonlarında yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 3-6° isti, gündüz 13-17° isti, dağlarda gecə 0-4° şaxta, gündüz 3-7° isti olacağı ehtimalı var.
Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 9-13° , gündüz 16-20° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarının bəzi yerlərində gündüz yağış yağacağı proqnozlaşdırılır. Dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 11-14°, gündüz 14-17° isti, dağlarda gecə 4-6°, gündüz 11-13° isti olacaq.