İQTİSADİYYAT
Şəhər və rayonların abadlaşdırılmasında qanunvericiliyə riayət olunmalıdır
Bakı, 29 aprel (AZƏRTAC). Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 5-ci maddəsinə uyğun olaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin aidiyyəti işçiləri tərəfindən respublikanın şəhər və rayonlarında inşa olunan yeni tikililərin həmin şəhər və rayonların memarlıq xidmətləri (baş memarların) tərəfindən razılaşdırılmış şəhərsalma sənədləri araşdırılarkən məlum olmuşdur ki, bu sahədə mövcud olan qanunvericiliyin, norma və qaydaların tələbləri tez-tez pozulur.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şöbə müdiri
C.Qocayev AZƏRTAC-a bildirmişdir ki, tikintisi nəzərdə tutulan obyektlərin konkret ərazidə yerləşdirilməsi ərazi planlaşdırılması baxımından yetərincə əsaslandırılmır. Bir çox hallarda isə yaşıllıqların məhv edilməsinə yol verilir, layihələr mövcud Baş plana və ya müfəssəl planlaşdırma layihəsinə uyğun gəlmir, ərazinin tikinti sıxlığı və şəhərsalma reqlamenti pozulur. Tikintiyə icazə verilməsi barədə qəbul olunan qərarların heç biri komitəyə göndərilməmişdir. Müxtəlif layihə təşkilatları və firmalar tərəfindən hazırlanan layihələrin memarlıq planlaşdırma həlləri istər sənədlərin dəsti, yəni komplekt şəkildə olması baxımından, istərsə də məzmun baxımından mövcud standartların tələblərinə cavab vermir.
Vurğulanmışdır ki, şəhər və rayonların memarlıq xidmətləri tərəfindən ilkin şəhərsalma sənədləri və ayrıc aktları olmadığından layihələndirməyə başlama mürəkkəbləşir və ya mümkün olmur. Buna görə də layihəçilər tərəfindən göstərilən tələbləri pozaraq memarlıq-planlaşdırma göstərişləri və sahələrinin ayrıc aktı olmadan icra hakimiyyəti orqanlarına sifarişçinin istəyi ilə mürəkkəb tikililərin yalnız “eskiz layihəsi” təqdim olunur ki, bunlar da əsasən həmin icra hakimiyyətinin memarlıq xidməti tərəfindən razılaşdırılır.
Buna baxmayaraq, Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq əhalinin fərdi yaşayış evi tikintisinə başlamaq üçün məlumatlandırma hüququ bir çox hallarda müvafiq əsaslar olmadan belə müxtəlif bəhanələrlə və yerli icra hakimiyyəti tərəfindən qəbul edilən qərarlarla məhdudlaşdırılır, ya da qarşısı alınır.
Bütün bunları nəzərə alaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov respublikanın bütün şəhər və rayon icra hakimiyyəti başçılarına xüsusi məktub ünvanlamışdır.
Məktubda göstərilən nöqsanlara yol verilməməsi məqsədilə müvafiq tədbirlər görülməsi xahiş olunmaqla yanaşı, belə hallar təkrar olunduğu halda baş memarların vəzifəyə uyğunsuzluğu barədə vəsatət qaldırılacağı, həmçinin belə nöqsanlara yol vermiş layihə müəlliflərinin lisenziyalarının fəaliyyətinin dayandırılacağı diqqətə çatdırılmışdır.