REGİONLAR


“Şəhərdən Kəndə”: Tur iştirakçıları şəhər səs-küyündən uzaqlaşaraq təbiət qoynunda dincəliblər

“Aqrar Tədarük və Təchizat” ASC ilə AZƏRTAC-ın birgə layihəsi: “Aqroturizm”

Bakı, 9 oktyabr, AZƏRTAC

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyəti ötən həftəsonu da öz ənənəsinə sadiq qaldı. Belə ki, qurumun təşkilatçılığı ilə oktyabrın 5-6-da “Şəhərdən Kəndə” layihəsi çərçivəsində Şamaxı və İsmayıllı rayonunda yerləşən fermer təsərrüfatlarına turlar təşkil olunub. Tur iştirakçıları bir günlük də olsa, şəhər səs-küyündən uzaqlaşaraq təbiət qoynunda istirahət imkanı əldə ediblər.

AZƏRTAC xəbər verir ki, oktyabrın 5-də baş tutan İsmayıllı turunun iştirakçıları bu rayonun Təzəkənd kəndi ilə bərabər, Şamaxı şəhərinin Meysəri kəndindəki üzümçülük təsərrüfatına da baş çəkiblər. Turistlər günə kənd evində təbii kənd məhsullarından hazırlanmış səhər yeməyi ilə başlayıblar. Daha sonra isə onlar üçün fermerin iştirakı ilə təsərrüfat sahəsinə ekskursiya təşkil olunub. Ekskursiya zamanı iştirakçılar pomidor, xiyar, lobya, bibər, reyhan və s. tərəvəzlərin əkini, becərilməsi, yığılması və qablaşdırılması ilə bağlı informasiyalar əldə ediblər.

Xatırladaq ki, təsərrüfat sahəsi turistlər asudə vaxtlarını əyləncəli və maraqlı keçirmələri üçün hər cür şəraitlə təmin olunublar. Tur iştirakçıları at sürmə və müxtəlif idman növləri ilə məşğul olma imkanı qazanıblar. Həmçinin turistlər kənddə yerləşən, istirahət məkanı olan Vəlbinə gölünə də səfər edib, balıq tutublar. Naharda süfrədə ancaq təzə kənd məhsullarından hazırlanmış qidalar olub. Tur iştirakçıları Şamaxının Meysəri kəndinə yola düşüblər. Burada onlar yerli və xarici üzüm sortlarından ibarət üzüm bağını gəzib, məhsulların əl əməyi ilə yığılması prosesində iştirak ediblər.

Oktyabrın 6-da Şamaxıya təşkil olunan tur da öz rəngarəngliyi ilə seçilib. Belə ki, Qonaqkənddə yerləşən kənd evində təbii məhsullardan ibarət səhər yeməyindən sonra turun iştirakçıları üçün alma bağına ekskursiya təşkil olunub. Burada onlar fermerlə bərabər alma yığımında iştirak edib və alma növləri haqqında məlumat alıblar. Nahardan sonra isə turistlərə buğlama bişirilməsi öyrədilib. Tur iştirakçıları asudə vaxtlarında kəndin coğrafi mövqeyi və adətləri ilə tanış olub, yaxınlıqda axan çaya səfər ediblər. Səfərin daha da maraqlı keçməsi məqsədi ilə gün sonunda tur iştirakçılarının Şamaxı rəsədxanasına ziyarətləri də təşkil olunub.

Qeyd ki, “Şəhərdən Kəndə” sosial layihə olub, əsas məqsədi kiçik və orta fermer təsərrüfatlarını dəstəkləmək və şəhər sakinləri üçün alternativ turizm imkanı yaratmaqdır. Layihə çərçivəsində bu həftəsonu da fermer təsərrüfatına turlar təşkil olunacaq. Turlara qeydiyyatdan keçmək üçün +994502033247 telefon nömrəsinə zəng edə və ya “Şəhərdən Kəndə” sosial media hesablarına yaza bilərsiniz. İsmayıllı, Şəki və Zaqatala rayonlarına təşkil olunacaq turlarla bağlı ətraflı məlumatları isə aşağıdakı linklər vasitəsilə əldə edə bilərsiniz:

https://www.facebook.com/events/1133375123717084 

https://www.facebook.com/events/418121548908132  

https://www.facebook.com/events/1327690030716432  .

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.