İQTİSADİYYAT
Şəhərsalma və Arxitektura Komitəsi ilə “Caspian European Club” əməkdaşlığı genişləndirir
Bakı, 17 avqust, AZƏRTAC
"Caspian European Club", "Caspian American Club", "Caspian Asian Club"un üzv şirkətlərinin və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məsul əməkdaşlarının təmsil olunacağı daimi işçi qrup yaradılacaq.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin beynəlxalq əlaqələr və informasiya sektorundan AZƏRTAC-a bildiriblər ki, komitənin sədri Samir Nuriyev "Caspian European Club"un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyevin rəhbərliyi ilə klubun idarə heyətinin üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşüb. Görüşdə təşkilatlar arasında ikitərəfli əməkdaşlığın genişləndirilməsi imkanları, ölkədə şəhərsalma və tikinti sahəsinin perspektiv inkişafı istiqamətləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
S.Nuriyev qurumun qısa və uzunmüddətli hədəfləri, görülən işlər barədə məlumat verib. Qeyd edib ki, ölkədə şəhərsalma fəaliyyətinin təşkili Prezident İlham Əliyevin xüsusi diqqət mərkəzində saxladığı məsələlərdən biridir. Ölkə başçısının komitə qarşısında qoyduğu başlıca vəzifələrdən biri bu prosesin planlı, sistemli və şəhərsalma qanunvericiliyinə uyğun təşkil edilməsidir.
İş adamlarını bu sahədə açıq dialoqa və qarşılıqlı səmərəli əməkdaşlığa dəvət edən S.Nuriyev mühüm sosial-iqtisadi əhəmiyyətə malik olan tikinti sektorunun davamlı inkişafında özəl sektorun böyük rolunun və məsuliyyətinin olduğunu vurğulayıb, komitənin cavabdehlik dairəsinə aid olan layihələrlə bağlı "Caspian European Club"un üzvlərinin təkliflərinin öyrənilməsinin vacibliyini qeyd edib.
T.Əliyev isə ikitərəfli əməkdaşlığın şəhərsalma və tikinti sahəsində problemlərin həllinə töhfə verəcəyinə, habelə iş adamları ilə davamlı dialoqun, məlumat və təcrübə mübadiləsinin təşkili ilə bağlı təmsil etdiyi özəl sektorun hər cür səy göstərəcəyinə inandığını bildirib.
Görüş çərçivəsində aparılan fikir mübadiləsinin yekununda tikinti sahəsində mövcud çağırışların operativ müzakirəsi və həlli yollarının müəyyənləşdirilməsi məqsədilə "Caspian European Club", "Caspian American Club" və "Caspian Asian Club"un üzv şirkətlərinin və komitənin məsul əməkdaşlarının təmsil olunacağı daimi işçi qrupun yaradılması barədə razılıq əldə edilib.