REGİONLAR


Şəhid Ağamir Ağayevin doğum günündə xatirəsi anılıb VİDEO

Füzuli, 17 iyul, Aydın Yavərzadə, AZƏRTAC

Vətən müharibəsində könüllü olaraq döyüşlərə yollanan Ağamir Ağayevin doğum günündə xatirəsi məzarı yanında anılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhidin ruhuna dualar oxunub, qısa, şərəfli döyüş yolu haqqında danışılıb. Bildirilib ki, Ağayev Ağamir Qüdrət oğlu 1996-cı ildə Biləsuvar rayonunda 2 saylı çadır şəhərciyində məcburi köçkün ailəsində dünyaya göz açıb. Çünki onun ailəsi hələ 1993-ci ildə erməni təcavüzü zamanı öz doğma torpaqları olan Füzuli rayonu Şükürbəyli kəndindən köçkün düşüb.1994-ci il Horadiz əməliyyatı zamanı azad edilən kəndlərdən biri Şükürbəyli olduğu üçün Ağamir və ailəsi 2001-ci ildən öz ata-baba yurduna dönüb. Yeniyetmə çağlarını Şükürbəylidə keçirən Ağamir düşmənlə təmas xəttində böyüyüb. Ağamir erməni faşizmi haqqında faktları öyrəndikcə düşmənə olan nifrəti birə-min artıb. Ağamir 2014-ci ildə həqiqi hərbi xidmətə yollanıb. Ordu sıralarında kəşfiyyatçı kimi xidmət edən Ağamir Aprel döyüşlərində də iştirak edib. Düşmən üzərində qazanılan zəfərdə Ağamirin də şücaəti olub. O, həqiqi hərbi xidməti layiqincə yerinə yetirdikdən sonra mülki həyatda çalışmağa başlayıb.

Ötən il sentyabrın 27-də ermənilər tərəfindən törədilən təxribat zamanı əks hücuma keçən ordu sıralarında xidmət etmək üçün Ağamir könüllü olaraq döyüşə yollanıb. Füzuli istiqamətində gedən döyüşlər zamanı bir çox uğurlu tapşırıqlarda Ağamir də ruh yüksəkliyi ilə iştirak edib. Oktyabrın 8-də Füzuli rayon Seyidəhmədli kəndi istiqamətində gedən gərgin döyüşlər zamanı Ağamir qəhrəmancasına döyüşərək şəhid olub. İndi Ağamirin məzarı nəinki ailəsi, həm də dostları, qohumları həmyerlilərinin and yerinə çevrilib.

Qeyd edilib ki, Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycanın qüdrətli ordusu düşmən təxribatının qarşısını aldı. 44 günlük Zəfər yürüşü zamanı xalq-ordu birliyi sayəsində və könüllü olaraq cəbhəyə yollanan Azərbaycanın qəhrəman oğulları 30 illik Vətən həsrətinə son qoydu. Diqqətə çatdırılıb ki, şəhidlərimiz Azərbaycan tarixinin ən şanlı səhifəsində əbədi olaraq yaşayacaq və gələcək nəsillər üçün əsl qəhrəmanlıq nümunəsi olacaq.

Xatırladaq ki, Ağamir Ağayev döyüşlərdə göstərdiyi şücaətə görə ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad edilməsinə görə" medalları ilə təltif edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.