REGİONLAR
Şəhid Amil Hüseynovun ad günü məzarı yanında qeyd edilib VİDEO
Füzuli, 13 avqust, Aydın Yavərzadə, AZƏRTAC
Vətən müharibəsi zamanı şəhid olan qəhrəmanlarımızdan biri də Hüseynov Amil Rasim oğludur. Şəhidin 35-ci doğum günü ilk dəfə onsuz qeyd edilib. Anım mərasimində şəhidin ailəsi ilə yanaşı, Füzuli Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin əməkdaşları, Əhmədalılar kənd ziyalıları və Vətən müharibəsi qaziləri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhidin doğum günündə məzarı ziyarət olunub. Burada çıxış edənlər xalqımızın Zəfər dastanında payı olan Amilin şərəfli ömür yolundan söhbət açıblar. Bildirilib ki, hər zaman ürəyi Vətən sevgisi ilə döyünən Amil hələ uşaq yaşlarından hərbçi olmaq istəyib. Qeyd olunub ki, Amil 1986-cı il avqustun 16-da Füzuli rayonunun Əhmədalılar kəndində anadan olub. Birinci sinfə Bakıda fəaliyyət göstərən Ağdam rayon 36 saylı tam orta məktəbində gedib. 2004-cü ildə orta məktəbi bitirdikdən sonra 2004-2006-cı illərdə Kosovoda Azərbaycan sülhməramlı qoşunlarında həqiqi hərbi xidmətdə olub.
Məktəbdə oxuduğu müddətdə Amil idmanın karate növü ilə məşğul olub. Respublikada və xaricdə keçirilən yarışlarda iştirak edib və yüksək nailiyyətlər qazanıb, respublika çempionu olub. Gürcüstanda iştirak etdiyi beynəlxalq yarışda 1-ci yerə çıxıb. Amilin hərbi xidmətə olan marağı, Vətənə sevgisi onu öz arzusunun ardınca aparıb. 2010-cu ildən Azərbaycan Respublikasının Daxili Qoşunlarında xidmətə başlayıb. Daha sonra Milli Ordumuzun sıralarında kəşfiyyatçı kimi fəaliyyətini davam etdirib. 2013-cü ildə Türkiyədə kəşfiyyatçı təlim kursu keçib.
Vətən müharibəsinin iştirakçısı olan Amil Hüseynov Füzuli və Xocavənd uğrunda gedən döyüşlərdə xüsusi şücaəti ilə seçilib.
Oktyabrın 10-da gərgin döyüşlər zamanı Amil qəhrəmancasına şəhid olub. Ölümündən sonra “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Vətən uğrunda” medalı ilə təltif edilib.