REGİONLAR
Şəhid Amil Hüseynovun xatirəsinə bulaq kompleksi inşa olunub
Füzuli, 17 avqust, Aydın Yavərzadə, AZƏRTAC
Vətən müharibəsi şəhidi Amil Hüseynovun xatirəsinin əbədiləşdirilməsi üçün inşa olunan bulaq kompleksi doğum günündə istifadəyə verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Şəhid bulağı” Füzuli rayon Əhmədalılar kənd orta məktəbinin ərazisində inşa olunub. Bulaq kompleksinin açılış mərasimində şəhidin ailəsi ilə birlikdə, Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, şəhid ailələri, qazi və veteranlar, rayon ictimaiyyətinin nümayəndələri, N saylı hərbi hissənin əməkdaşları, məktəb kollektivi, kənd ağsaqqalları iştirak ediblər.
Əvvəlcə şəhidlərin xatirəsi sükutla anılıb və “Şəhid bulağı”nın önünə gül dəstələri düzülüb.
Tədbirdə Füzuli Rayon İcra Hakimiyyəti başçısı Alı Alıyev çıxış edərək Ali Baş Komandan, Prezident İlham Əliyevin 44 günlük Vətən müharibəsində göstərdiyi qətiyyətli siyasətdən, şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıdan söz açıb. İşğal altında olan torpaqların şəhidlərimizin, qazilərimizin canı, qanı bahasına azad olunmasını xüsusilə vurğulayıb.
Sonra şəhid ailələri, kənd sakinləri çıxış ediblər. Həmçinin məktəblilərin ifasında şeir kompozisiyaları səsləndirilib. Zəfər dastanında payı olan Amilin şərəfli ömür yolundan söhbət açılıb. Bildirilib ki, Hüseynov Amil Rasim oğlu 1986-cı il avqustun 16-da Füzuli rayonunun Əhmədalılar kəndində anadan olub. Ürəyi Vətən sevgisi ilə döyünən Amil hələ uşaq yaşlarından hərbçi olmaq istəyib. Yeniyetmə çağlarında Amil idmanın karate növü ilə məşğul olub. Respublikada və xaricdə keçirilən yarışlarda iştirak edib, yüksək nailiyyətlər qazanıb, respublika çempionu olub. Gürcüstanda iştirak etdiyi beynəlxalq yarışda isə 1-ci yerə çıxıb. 2004-cü ildə orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə də ruh yüksəkliyi ilə yollanıb. 2004-2006-cı illərdə Kosovoda Azərbaycan sülhməramlı qüvvələrində həqiqi hərbi xidmətdə olub. Bir müddət mülki işlərdə çalışsa da, Amilin hərbi xidmətə olan marağı, Vətən sevgisi onu öz arzusunun ardınca aparıb. 2010-cu ildən Azərbaycan Respublikasının Daxili Qoşunlarında xidmətə başlayıb. Daha sonra Milli Ordu sıralarında kəşfiyyatçı kimi fəaliyyətini davam etdirib. 2013-cü ildə Türkiyədə kəşfiyyatçı təlim kursunu uğurla başa vurub.
Vətən müharibəsinin iştirakçısı olan Amil Hüseynov Füzuli və Xocavənd uğrunda gedən döyüşlərdə xüsusi şücaəti ilə seçilib. Döyüş əməliyyatlarında bir çox uğurlu tapşırıqların öhdəsindən igidliklə gələrək, düşmənin xeyli sayda canlı qüvvəsini məhv edib. Oktyabrın 10-da gərgin döyüşlər zamanı qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib.
Amil Hüseynov döyüşlərdə göstərdiyi şücaətə görə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.