REGİONLAR
Şəhid Əmrah Səfərlinin xatirəsi anılıb VİDEO
İmişli, 2 aprel, Aydın Yavərzadə, AZƏRTAC
Vətən müharibəsi şəhidi Səfərli Əmrah Çingiz oğlunun doğum günündə xatirəsi yad olunub, adına tikilən bulaq ziyarət edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər ki, anım günündə Əmrahın ailəsi ilə bərabər, şəhid valideynləri, döyüş yoldaşları, təhsil aldığı məktəbin kollektivi, kənd sakinləri iştirak ediblər. Çıxış edənlər Əmrahın qısa və şərəfli ömür yolundan, döyüşdə göstərdiyi şücaətdən söhbət açıblar. Daha sonra məktəblilərin ifasında Vətənə və qəhrəmanlara həsr olunan şeirlər səsləndirilib.
Səfərli Əmrah Çingiz oğlu 1998-ci il aprelin 2-də İmişli rayonu Göbəktala kəndində dünyaya göz açıb. Əmisinin Vətən uğrunda şəhid olduğunu dərk edən Əmrah kiçik yaşlarından hərbçi olmaq arzusu ilə yaşayıb.
Qəhrəman övladı haqqında danışan şəhid anası Sevil Səfərova deyir ki, Əmrah Vətəninə sevgi bəsləyən övlad olub. Dilindən Vətən sözü düşməzdi, hətta ailəsindən də üstün tutardı Vətəni. Vədə yetişdi, o, doğum günündə ruh yüksəkliyi ilə Vətənin keşiyini çəkməyə yollandı. İki ilə yaxın xidmətdən sonra ordu sıralarından tərxis olsa da, yenidən hərbçi olmaq üçün can atırdı. Əmrah yeni ailə qurmuşdu, gələcəklə bağlı arzu və istəkləri vardı. Lakin Vətən sevgisi onun digər arzularında da üstün oldu.
“Vətən müharibəsində iştirak edən Əmrah hər dəfə bizə şəkil göndərəndə, “bu, sizə lazım olacaq” deyirdi. Yəqin ki, şəhid olacağını bilirmiş... Onun ən böyük arzusu torpaqlarımızın azadlığı idi və bu arzusuna şəhadətə yüksələrək qovuşdu. Əmrah bu ali zirvəyə yüksəlməklə həm də ailəsi üçün qürur mənbəyi oldu”, - deyə şəhid anası söyləyir.
Şəhid atası Çingiz Səfərov övladı haqqında danışarkən deyir ki, Əmrahın Vətən sevgisi şəhid əmisi İdris Səfərov adına Yalavac kənd məktəbində təhsil alarkən başlayıb. Sanki uşaqlıq illərindən əmisinin və digər şəhidlərimizin canını nə üçün fəda etdiyini özünə bir örnək götürüb. Bu hisslər ona Vətən sevgisini bəxş edib və Əmrah qəlbində həmin sevgi ilə böyüyüb.
“Oğlum sentyabrın 27-si düşmən təxribatı baş verən zaman başlayan əks-hücumda döyüşə ilk atılanlar sırasında yer alıb. O, döyüş texnikasını peşəkarlıqla idarə edərək Füzuli istiqamətində düşmənin 30 illik sədlərinin yarılmasında iştirak edib. Daha sonra Cəbrayıl istiqamətində gedən döyüşlərdə şücaəti ilə seçilib. 30-a yaxın silahdaşını minalı sahədən xilas edib. Həmçinin yaralı hərbçi yoldaşlarını atəş xəttindən çıxarıb. Əmrah Xocavənd istiqamətində də bir çox uğurlu tapşırıqda strateji yüksəkliklərin azad olunmasında xüsusi şücaət göstərib. Şuşa istiqamətində başlayan əməliyyatlarda da döyüşlərə qoşulub. Noyabrın 4-də gərgin döyüşlər zamanı Əmrah qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalıb”, - deyə Çingiz Səfərov vurğulayır.
Qeyd edək ki, Əmrah Səfərli döyüşlərdə göstərdiyi şücaətə görə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.