REGİONLAR
Şəhid Əmral Xəmmədovun adını daşıyan bulaq istifadəyə verilib VİDEO
İmişli, 4 oktyabr, Aydın Yavərzadə, AZƏRTAC
Vətən müharibəsində tarix yazan qəhrəmanlarımızdan olan şəhid Əmral Xəmmədovun adına inşa edilən bulaq istifadəyə verilib. Bulaq-abidə üzərində Əmralın və digər şəhidlərimizin fotoları yer alıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, açılış mərasimində Əmralın ailə üzvləri, döyüşçü yoldaşları, şəhid Polad Həşimovun, Xudayar Yusifzadənin, İzzət Həmidovun, Nəcməddin Savalanovun valideynləri, rayon rəhbərliyi və kənd ictimaiyyəti iştirak edib. Əvvəlcə şəhid Əmralın Çaxırlı kənd qəbiristanlığındakı məzarı ziyarət olunub, ruhuna dualar oxunub.
Anım mərasimi kənd mərkəzində şəhid Əmralın xatirəsinə inşa olunan bulaq kompleksində davam edib. Çıxış edənlər 44 günlük Zəfər yürüşündə qazanılan Şanlı Qələbədən söhbət açıblar. Qeyd edilib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər ordumuz düşmən tapdağı altında olan torpaqlarımızı azad etməklə 30 illik Vətən həsrətinə son qoydu. Döyüşlərdə qəhrəman oğullar öz canlarını sipər edərək Vətənimizin bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalmaqla, həm də qəlbləri fəth etdilər. Belə qəhrəmanlarımızdan biri də şəhid Əmral Xəmmədovdur. İlk döyüş yolu Murovdağ istiqamətindən başlayan Əmral strateji yüksəkliklərin azad olunmasında iştirak edib. Həmçinin Cəbrayıl istiqamətində yerinə yetirilən tapşırıqlarda kəndlərin və bir çox strateji mövqelərin azad olunmasında qəhrəmanlığı ilə seçilib. Füzuli istiqamətində qarşıya qoyulan tapşırığı yerinə yetirən Əmral və döyüşçü yoldaşları düşmənin 2 postuna daxil olub və xeyli qənimət ələ keçirib. Xocavənd istiqamətində gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıb.
Şəhidin ailə üzvləri - anası Samirə Musayeva, bacısı Rahilə Xəmmədova, babası Balamirzə Musayev Əmral ilə qürur duyduqlarını bildiriblər.
Sonra bulağın açılışı olub. Məktəblilərin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
Qeyd edək ki, Əmral Xəmmədov oktyabrın 14-dən 15-nə keçən gecə şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra “Vətən uğrunda” və “Cəsur döyüşçü”, “Kəlbəcərin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.