MƏDƏNİYYƏT
Şəhid Əyyub Bəşirov haqqında videoçarx hazırlanıb
Bakı, 7 dekabr, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli filialı şəhid Əyyub Bəşirov haqqında “Şəhidlərimizi tanıyaq və tanıdaq” adlı videoçarx hazırlayıb.
İdarədən AZƏRTAC-a bildirilib ki, kitabxananın sosial hesablarında paylaşılan videoçarxda şəhidin qısa, şərəfli ömür yolu haqqında məlumat verilib.
Bildirilib ki, Əyyub Ramiz oğlu Bəşirov 1998-ci il noyabrın 24-də Yevlax rayonunun Ərəş kəndində anadan olub. O, 2020-ci il sentyabrın 27- də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Əyyub Bəşirov oktyabrın 16-da Suqovuşan ətraflarında gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən Əyyub Bəşirov ölümündən sonra “Vətən uğrunda" medalı ilə təltif edilib.