REGİONLAR
Şəhid Bəhmən Mehdiyevin xatirəsi anılıb
Sumqayıt, 10 may, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Qubadlı rayon nümayəndəliyi tərəfindən I Qarabağ müharibəsi şəhidi Mehdiyev Bəhmən Mehdi oğlunun 60 illiyi münasibətilə “İzin qaldı” adlı tədbir keçirilib.
İdarədən AZƏRTAC-a bildirilib ki, Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haqverdiyevin, YAP Qubadlı rayon təşkilatinin sədri Təhmasib Rüstəmovun, şəhidin ailə üzvlərinin iştirak etdiyi tədbirdə Vətən uğrunda canından keçmiş bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəhidin keçdiyi şərəfli həyat və döyüş yolu haqqında məlumat verilib. Bildirilib ki, şəhidin xatirəsinə ehtiram əlaməti olaraq Qubadlı şəhər 2 saylı tam orta məktəb Mehdi Mehdiyevin adını daşıyır.
Tədbirdə Vasili Əliyev adına Qubadlı Rayon Mədəniyyət evi və Mahmudlu kənd Mədəniyyət evinin hazırladıqları kompozisiyalar, şeirlər, musiqi nömrələri təqdim olunub.
Şəhidin ailə üzvləri çıxış edərək, şəhid və qazi ailələrinə göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlığını bildirib.